Türkiyə-Azərbaycan dostluğu: VAHİD YUMRUQ TƏHLİL

7 Dekabr 2022 16:22 (UTC+04:00)

Prezident İlham Əliyev: "Əcdadlarımızın mənəvi mirası olan qardaşlığımız, birliyimiz və həmrəyliyimiz xalqlarımız üçün əsas yol istiqaməti, bölgə və dünya üçün mühüm təhlükəsizlik və sabitlik amilidir"

Beynəlxalq aləmdə böyük nüfuz sahibi olan Türkiyə-Azərbaycan birliyi sarsılmazdır. Əlbəttə ki, Azərbaycan-Türkiyə əlaqələri sarsılmaz dostluq və qardaşlığa söykənir və uğurla davam etdirilir. Əsrlər boyu Azərbaycan və türk xalqları həmişə bir-birinə dəstək olmuş, sıx əməkdaşlıq etmişdir. Qarşılıqlı etimad, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri müasir dövrümüzdə daha da möhkəmlənir. Mövcud münasibətlərin hərtərəfli inkişafı baxımından, həyata keçirilən tədbirlər böyük əhəmiyyət daşıyır və dövlətlər arasındakı dostluq-qardaşlıq münasibətləri dünya üçün nümunəyə çevrilib. "İftixar hissi ilə qeyd etmək istərdim ki, dostluq və qardaşlıq üzərində qurulmuş Azərbaycan-Türkiyə əlaqələrinin bu gün dünyada bənzəri yoxdur. Əcdadlarımızın mənəvi mirası olan qardaşlığımız, birliyimiz və həmrəyliyimiz xalqlarımız üçün əsas yol istiqaməti, bölgə və dünya üçün mühüm təhlükəsizlik və sabitlik amilidir" - deyə Prezident İlham Əliyev bildirib. Dostluq və qardaşlığa söykənən Azərbaycan Türkiyə münasibətləri bu gün daha yüksək bir mərhələdədir. Ulu Öndər Heydər Əliyevin ikinci dəfə Azərbaycanda siyasi hakimiyyətdə qayıdışından sonra dövlətlərarası əlaqələrin artmasına, əməkdaşlığın genişlənməsinə xüsusi diqqət yetirilmişdir. "Bir millət, iki dövlət", - deyən Ulu Öndər Heydər Əliyevin dövlətlərarası yaratdığı qardaşlıq münasibətləri bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən çox yüksək səviyyədə davam etdirilir. Bildiyimiz kimi, Azərbaycan və Türkiyə arasında hərbi sahədə bağlanmış əməkdaşlıq sazişinə əsasən, iki qardaş ölkənin birgə təlimləri keçirilir. Bu, Azərbaycanın və Türkiyənin ortaq hərbi gücünün bölgədə sülhün və sabitliyin qorunmasında qarantıdır. Davam edən hərbi təlimlər Bakı şəhərini, eləcə də Astara, Cəbrayıl və İmişli rayonlarının ərazilərini də əhatə edir. Müxtəlif qoşun növlərinin şəxsi heyəti və xüsusi təyinatlı mühəndis-istehkam texnikası, həmçinin hərbi aviasiya vasitələrinin cəlb olunması ilə keçirilən təlimlər ordularımızın müxtəlif silah növlərindən istifadə etməklə döyüş bacarıqlarını və baş verə biləcək hər bir təhlükənin qarşısının alınması üçün peşəkarlıqlarını artıracaqdır. Türkiyə hər zaman Azərbaycanın yanında olaraq, istənilən təhdid və təxribatlara qarşı bir yumruq kimi birləşərək dostuna, düşməninə bu birlik və həmrəyliyi göstərir.

"AZƏRBAYCANA VƏ YA TÜRKİYƏYƏ QARŞI MƏKRLİ PLANLARI OLANLAR BİLMƏLİDİRLƏR Kİ, TÜRK ORDUSU TƏK DEYİL, ORADA, HƏMÇİNİN BİZİM ORDU DA VAR"

Bildiyimiz kimi, Türkiyə Silahlı Qüvvələri dünyanın ən aparıcı ordularından biridir və 44 günlük müharibədən sonra Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırığı ilə Azərbaycan Ordusunda Türkiyə Silahlı Qüvvələrinə uyğun islahatlar həyata keçirilir. Noyabrın 20-də başlayan Azərbaycan-Türkiyə birgə təlimində iki ölkənin hərbçiləri xüsusi məharət göstəriblər. Əgər istənilən anda Azərbaycanın ərazi bütövlüyünə və dövlət sərhədlərinə qarşı istənilən təhdid olarsa, bu təlimlər reallığa çevrilə bilər və düşmənin hər hansı bir təxribatına möhkəm zərbə ola bilər. Azərbaycan Prezident çıxışlarını birində bildirmişdi: "Azərbaycana və ya Türkiyəyə qarşı məkrli planları olanlar bilməlidirlər ki, türk ordusu tək deyil, orada, həmçinin bizim ordu da var. Bizim ordu isə tək deyil, o cümlədən orada türk ordusu da var. Sərhədimizdə təxribatları planlaşdıranlar, bizi qorxutmağa çalışanlar bu planlarını yaddan çıxarmalıdırlar". Plana uyğun olaraq Azərbaycan Ordusunun Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Xüsusi Təyinatlı Qüvvələri, Mühəndis Qoşunları, Raket və Artilleriya Qoşunlarının bölmələri təlimlərdə Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri ilə birgə müxtəlif döyüş tapşırıqlarını yerinə yetirirlər.

"QARDAŞ YUMRUĞU" TÜRKİYƏ-AZƏRBAYCAN BİRLİYİNİN TƏZAHÜRÜ

"Qardaş yumruğu" təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan telefon zəngi ilə hər iki qardaş ölkənin təlimdə iştirak edən şəxsi heyətlərini təbrik ediblər. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev şəxsi heyəti təbrik edərək "Qardaş yumruğu" təliminin Türkiyə-Azərbaycan birliyinin növbəti təzahürü olduğunu qeyd edib, birliyimizin sarsılmaz və əbədi olduğunu vurğulayıb. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan isə "Bir millət, iki dövlət" anlayışı ilə keçirilən təlimin uğurla həyata keçirildiyini bildirib və heç kimin ayıra bilməyəcəyi birliyimizin gələcəkdə də davam etdiriləcəyini diqqətə çatdıraraq bütün şəxsi heyəti təbrik edib.

"BİZ DÜNYA MİQYASINDA, DÜNYA ÇAPINDA NADİR ƏMƏKDAŞLIQ, İŞ BİRLİYİ, MÜTTƏFİQLİK NÜMUNƏSİ GÖSTƏRİRİK"

Vətən müharibəsində qələbəmizdən sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə səfərləri qardaşlıq, dostluq mesajının daha bir təzahürüdür. Azərbaycan Prezident İlham Əliyev çıxışlarının birində vurğuladığı kimi, "Bizi birləşdirən bir çox amillər var, ilk növbədə, tarix, mədəniyyət, ortaq etnik köklər, dilimiz, dinimiz, milli dəyərlərimiz, milli maraqlarımız, xalqlarımızın qardaşlığı bu birliyi təmin edib. Bu gün biz dünya miqyasında, dünya çapında nadir əməkdaşlıq, iş birliyi, müttəfiqlik nümunəsi göstəririk". Bu birliyin və qardaşlığın sarsılmaz nümunəsinin Vətən müharibəsində bir daha şahidi olduq. "Biz Azərbaycanın yanındayıq. Hadisələrə müdaxilə edənlər öndə bizi görəcəklər!", - söyləyən Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan əsl qardaşlıq nümunəsi göstərdi. Bu müharibə günləri bir daha göstərdi ki, dövlətlərarası münasibətlər həqiqətən də dostluğa, qardaşlığa söykənir. İkinci Qarabağ müharibəsi zamanı Türkiyə tərəfindən göstərilən dəstək hər kəsin sevincinə səbəb oldu. Heç kəsə sirr deyil ki, Türkiyə Ermənistan-Azərbaycan münaqişəsinin həlli işində daim Azərbaycana böyük dəstək göstərdi. Bu gün işğaldan azad olunan torpaqlarımızda Azərbaycan və Türkiyə bayraqları dalğalanır. Cənab Prezidentin vurğuladığı kimi, "Bu gün Şuşada dalğalanan Azərbaycan və Türkiyə bayraqları bizim birliyimizi göstərir. İkinci Qarabağ müharibəsi başlanan gündən, ilk saatlardan əziz qardaşım, sayın Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Azərbaycana birmənalı, dəqiq və açıq dəstək ifadə etmişdir. Müharibənin ilk saatlarından o demişdir ki, Azərbaycan tək deyil. Bu, həm bizi ruhlandırdı, eyni zamanda, müdaxilə etmək fikrində olan bütün qüvvələri, dairələri dayandırdı, durdurdu. Dedi ki, Türkiyə Azərbaycanın yanındadır və müharibənin ilk saatlarından son dəqiqələrinə qədər əziz qardaşımın və Türkiyə Cümhuriyyətinin, qardaş türk xalqının dəstəyi bizə əlavə güc verirdi. Bu siyasi və mənəvi dəstək bizi ruhlandırırdı".

"BİRGƏ BƏYANNAMƏ - MÜTTƏFİQLİK HAQQINDA BƏYANNAMƏ ƏLAQƏLƏRİMİZİ ƏN YÜKSƏK ZİRVƏYƏ QALDIRIR"

Şuşa Bəyannaməsinin imzalanması Azərbaycanın müstəqillik tarixinə əbədi həkk olundu və Azərbaycan-Türkiyə münasibətlərində keyfiyyətcə yeni bir dövrün başlanğıcını qoydu. Şuşa Bəyannaməsində iki ölkənin siyasi, iqtisadi, mədəni, humanitar, səhiyyə, təhsil, sosial, gənclər və idman sahələrindəki imkanlarının və potensiallarının birləşdirilməsi, həmçinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq qlobal və regional sülh, sabitlik və təhlükəsizliyin təmin olunmasında birgə səylərin davam etdirilməsi razılaşdırılıb. Bu mühüm tarixi sənəd ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin təntənəsi oldu və dövlətlər arasında əməkdaşlığın strateji əhəmiyyət kəsb edən sahələrini əhatə edir. "Birgə Bəyannamə - Müttəfiqlik haqqında Bəyannamə əlaqələrimizi ən yüksək zirvəyə qaldırır", - deyən Cənab Prezident bildirib ki, Bəyannamənin adı Müttəfiqlik haqqında Bəyannamədir və bu ad özü-özlüyündə hər şeyi göstərir, hər şeyi deyir: "Biz bu gün keyfiyyətcə yeni əlaqələr qurmuşuq və bu Bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək iş birliyimizin təminatçısıdır". Şuşa Bəyannaməsinin ən vacib tərəfləri iki dövlətin hərbi əlaqələrinin daha da inkişaf etdirilməsi və ölkələrin ərazi bütövlüyünə və suverenliyinə qarşı yarana biləcək təhlükəyə birgə müdafiəni nəzərdə tutan şərtləridir. Bu gün Azərbaycan-Türkiyə birliyi regiona yeni bir güc gətirib. Azərbaycan ilə Türkiyə Respublikası arasında imzalanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən təşkil olunan "Qardaş yumruğu" birgə təlimləri bir daha bütün dünyaya göstərir ki, bu birlik sarsılmaz və ədəbdidir. Azərbaycanın dövlət sərhədləri, ərazi bütövlüyü toxunulmazdır.

Nəzakət ƏLƏDDİNQIZI