Əldə olunmuş Qələbə uğurlu ordu quruculuğu siyasətinin nəticəsi idi - ŞƏRH

7 Dekabr 2022 15:10 (UTC+04:00)

44 günlük Vətən müharibəsi Azərbaycan xalqının nə qədər vətənpərvər, böyük xalq olduğunu, milli birliyini, həmrəyliyini bütün dünyaya sübut etdi. Azərbaycan tarixi torpaqlarına - Qarabağa qovuşdu, tarixi zəfərə imza atdı. Bu qələbəni, zəfəri bizlərə yaşadan isə Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, ölkə Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, Güclü Ordumuz, rəşadətli əsgər və zabitlərimizdir. Ordumuzun əsgər və zabitləri canı-qanı bahasına Ermənistanın 30 ilə qurduğu nəhəng istehkamları yarıb keçərək düşmənin silahlı qüvvələrini darmadağın etdi. Tarixi ədalət bərpa olundu və Dağlıq Qarabağ iddiasına son qoyuldu. 30 illik həsrətdən, nisgildən sonra Qarabağa günəş doğdu, başındakı duman, çən dağıldı və Vətən yarasına məlhəm çəkdildi, yurda qayıdış ümidləri dirçəldi. 8 noyabr 2020-ci il - Qarabağa qovuşduğumuz Böyük Qələbə və Azərbaycanın 28 illik Şuşa yarasının sağaldığı Zəfər günüdür. Qarabağın baş tacı olan Şuşa şəhəri illərin əsarətdən, ağır işgəncələrlə müşayiət olunan məhbusluq həyatından xilas edildi.

2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində Azərbaycanın qələbəsi şərəfinə keçirilən Zəfər paradı da tarixə əbədi həkk edilən hadisədir. Zəfər paradında müharibə zamanı qənimət kimi ələ keçirilmiş Ermənistana məxsus hərbi texnikanın bir qisminin nümayiş etdirildi. Bu zəfər xalqın qürur mənbəyinə çevrildi. 3000 Azərbaycan əsgəri və zabiti ilə yanaşı türk əsgər və zabitləri Zəfər paradında iştirak etmişdir. Qardaş Türkiyənin qoşun birləşmələrinin nümayəndələrinin də Zəfər paradında iştirak etməsi isə düşmənə və onun havadarlarına xüsusi mesaj oldu. Fəxri qonaq qismində dəvət olunmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışları bir daha onu sübut etdi ki,Türkiyə-Azərbaycan dostluğu əbədi və sarsılmazdır.

Ali Baş Komandan Cənab İlham Əliyevin 2020-ci il dekabr ayının 3-də Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində “Vətən müharibəsi memorial kompleksi” və “Zəfər muzeyi”nin yaradılması haqqında sərəncam imzalamışdır. Həmçinin, “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı, “Zəfər” və “Qarabağ” ordenləri, “Cəsur döyüşçü”, “Döyüşdə fərqlənməyə görə”, “Suqovuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Laçının azad olunmasına görə” və digər medallar təsis edi8lmişdir. Bununla yanaşı Hərbi Qənimətlər Parkının salınması xalqımıza daha da ruh yüksəkliyi verdi. Hərbi Qənimətlər Parkı qazanılan tarixi Zəfərin nümayişi baxımından xüsusi əhəmiyyət kəsb edir. Demək olar ki, bu park İkinci Qarabağ savaşında qazanılan zəfərin strateji çəkisini nümayiş etdirən tarixi memarlıq və qəhrəmanlıq kompleksidir. Məhz bu kompleksdə 30 il torpaqlarımızı işğal altında saxlayan, Qarabağın maddi-mənəvi dəyərlərini çapıb-talayan, məhv edən təcavüzkar Ermənistana məxsus döyüş texnikasının qüdrətli Azərbaycan Ordusu tərəfindən darmadağın edilmə nişanələri öz əksini tapıb.

Vətən müharibəsinin başlandığı gündən Azərbaycan xalqı yumruq kimi birləşdi. Cənab Prezident İlham Əliyevin illər ərzində apardığı uğurlu siyasətin nəticəsi xalqına bəxş etdiyi qələbə oldu. 44 günlük Vətən müharibəsi zamanı yeni nəsil hərbi texnikanın istifadəsinin xüsusi rol oynadığı müasir bir taktika nümayiş etdirdi. Azərbaycan Ordusu ölkəmizin ərazi bütövlüyünü bərpa edərək regionun ən güclü ordusu olduğunu sübut etdi. Azərbaycan dövləti təkcə iqtisadi cəhətdən deyil, həm də hərbi-siyasi yöndən güclüdür. Azərbaycan dövləti bəyan etdiyi dəyərlərə sadiqdir. Azərbaycan Ermənistandan fərqli olduğundan daha böyük milli həmrəyliyin şahididir. Ölkənin siyasi tarixində ilk dəfə olaraq 50 siyasi partiya rəhbərinin Ali Baş Komandan,Prezident İlham Əliyevin yanında olduqlarına dair birgə bəyanatı milli birliyinin ən ali təcəssümüdü.

Dövlətimizin başçısının yüksək siyasi məharəti sayəsində diplomatik cəbhədə də böyük uğurlar qazanıldı. Bir sıra beynəlxalq təşkilatlar və Azərbaycana dost ölkələr ədalətli mübarizəmizdə ölkəmizə böyük dəstək verdilər. Bu sırada Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, BMT Baş Assambleyasının qətnamələri və və digər ölkələrin adını çəkmək olar.

Dövlətçiliyimizin ən şərəfli səhifəsinə qızıl hərflərlə yazılan bu Zəfərlə Azərbaycan, faşist ideologiyasından bəhrələnən Ermənistanın 30 illik işğalına son qoyaraq, bir güllə atmadan, bir şəhid vermədən belə 2020-ci il noyabrın 20-də Ağdam rayonunu, noyabrın 25-də Kəlbəcər rayonunu dekabrın 1-də isə Laçın rayonunu işğaldan azad edərək dünyada qalib xalq, məğlubedilməz dövlət kimi özünü bir daha təsdiqlədi. 44 günlük haqq savaşımız Azərbaycan tarixinə qızıl hərflərlə əbədi yazıldı. Bu qələbəni Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi, müzəffər Ordumuzun şücaəti, qəhrəmanlığı, qorxmaz, cəsur əsgərlərimizin canı, müqəddəs, ölməz şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazandıq.

Məmləkət Qaraçobanova

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı​​​