İqtisadiyyat Nazirliyində Dağıstan Respublikasının rəhbəri ilə görüş keçirilib

7 Dekabr 2022 15:06 (UTC+04:00)

İqtisadiyyat Nazirliyində ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Dağıstan Respublikasının rəhbəri Sergey Melikovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Qurumun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, nazir Mikayıl Cabbarov Rusiya Federasiyası ilə əlaqələrin uğurlu inkişafını qeyd edib, iqtisadi potensialın reallaşdırılması, ticarət və investisiya əlaqələrinin gücləndirilməsinin önəmini vurğulayıb. Bildirilib ki, Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühiti, həmçinin işğaldan azad edilmiş torpaqlarımızın böyük iqtisadi potensialı regional əməkdaşlığın, o cümlədən Rusiya Federasiyasının subyektləri ilə əlaqələrin genişləndirilməsinə yeni imkanlar yaradır.

Nazir qeyd edib ki, ölkəmizlə Dağıstan Respublikası arasında nəqliyyat, dövlət xidmətlərinin göstərilməsi, mədəniyyət, gənclər və idman, turizm sahələrində, eləcə də Dağıstanla Azərbaycanın şəhərləri arasında əməkdaşlıq haqqında müxtəlif sənədlər imzalanıb və uğurla icra olunur.

Rusiya Federasiyası Dağıstan Respublikasının rəhbəri Sergey Melikov Azərbaycana səfərindən məmnunluğunu ifadə edib, Rusiya Federasiyasının digər subyektləri kimi Dağıstan Respublikasının da Azərbaycanla tərəfdaşlığa böyük önəm verdiyini, bu baxımdan yüksək səviyyəli qarşılıqlı səfərlərin xüsusi rolunu vurğulayıb. İşgüzar dairələrin iştirakı ilə keçirilən tədbirlərin iqtisadi əlaqələrin dərinləşməsində əhəmiyyətini qeyd edən Sergey Melikov əməkdaşlıq imkanlarına dair fikirlərini bölüşüb.

Tərəflər işgüzar dairələr arasında əlaqələrin intensivləşdirilməsi, özəl sektorun iqtisadi münasibətlərdə fəallığının artırılması ilə bağlı məsələlərə dair fikir mübadiləsi aparıblar.