Müstəqil Azərbaycanın Xilaskarı ŞƏRH

7 Dekabr 2022 14:52 (UTC+04:00)

Çağdaş Azərbaycan dövlətçiliyinin qurucusu, milli dövlət müstəqilliyimizin, ərazi bütövlüyümzün qarantı olmuş, türk dünyasının böyük oğlu, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev! Ömrünün 50 ilindən çoxunu Azərbaycan xalqının, Azərbaycan dövlətçiliyinin taleyi ilə sıx bağlamış olan, iqtisadiyyatımızda, milli ideologiya və mənəviyyatımızda, mədəniyyətimizdə, elmimizdə, təhsilimizdə, səhiyyəmizdə, eləcə də digər sahələrdə misilsiz işlər görmüş dünya şöhrətli bu şəxsiyyətin titanik fəaliyyəti heç vaxt xalqımızın yaddaşından silinməyəcəkdir. Tanrının və tarixin Azərbaycan xalqına bəxş etdiyi nemətlərdən biri müstəqil Azərbaycan dövlətidirsə, digəri isə Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev fenomenidir. Mənalı ömrünü ölkəmizdə qurub-yartmağa həsr etmiş ümummilli lider Heydər Əliyevin gərgin və əməli fəaliyyəti nəticəsində Azərbaycana Qafqazda strateji bölgə kimi dünyanın diqqəti daha da artdı. Bu müdrük insanın, Qafqazda sülh ideyasının alovlu təbliğatçısının səy və qətiyyəti sayəsində milli dövlətçiliyimizi qoruyub saxlamaq mümkün oldu. Azərbaycanda demokratiyanın inkişafına, insan və vətəndaş hüquqları, həmçinin azadlıqlarının bərqərar olmasına nail olundu, iqtisadiyyatda tənəzzülün qarşısı alındı. Ümummilli lider Heydər Əliyevin gərgin əməyi sayəsində ölkəmizdə sülh və asyiş bərqərar oldu.Ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə Bakıya qayıdana, yəni 1993-cü ilin iyun ayına qədər isə Azərbaycanda vəziyyət son dərəcə ağır idi. Xalq öz tarixinin ən çətin dövrünü yaşayırdı. Ermənistanla müharibədə ağır məğlubiyyətlər bir-birini əvəz edirdi. Ermənilər “Böyük Ermənistan” yaratmaq üçün torpaqlarımızı bir-birinin ardınca ələ keçirirdilər. Öz içərimizdə də vətən xainlərinin sayı artmışdı. Onlar yüksək vəzifələr ələ keçirmək, varlanmaq xatirinə müqəddəs torpaqlarımızı düşmənlərə təslim edirdilər. Rayonlarda, paytaxt Bakının ayrı-ayrı məhəllələrində silahlı dəstələr hökmranlıq edirdilər. Axşamlar atışma səslərindən camaat evlərində rahat yata bilmirdi. Çirkin yollarla qazanc əldə edənlərin sayı artmışdı. Uşaqları, böyükləri girov götürür, çoxlu pul alandan sonra azad edirdilər. Xalq qorxu və vahimə içərisində yaşayırdı. Ölkəyə, ayrı-ayrı rayonlara rəhbərliyi ələ keçirmiş bir qrup vəzifəpərəst xalq malına zəli kimi daraşmışdı. Talançılıq baş alıb gedirdi. Xalq ümidsizlik və təlaş içərisində idi. Sabaha inam qalmamışdı. Ölkədədki bəzi satqınlar Azərbaycanı öz aralarında parçalamağa çalışırdılar. Qardaş qırğını başlamaqda idi. Bir ölkənin vətəndaşları - doğma qardaşlar arasında dəhşətli bir müharibə alovlanmaqda idi. Bu cür müharibələrə tarixdə vətəndaş müharibəsi deyilir. Beləliklə, Azərbaycan vətəndaş müharibəsi qarşısında idi.

Yurdumuzun başı üstünü qara buludların aldığı həmin çətin günlərdə Azərbaycan xalqının, Vətənimizin yeganə ümidi, qurtuluş çırağı ulu öndər Heydər Əliyev oldu. Xalqın ümid nəzərləri öz sevimli oğluna - o zaman Naxçıvana rəhbərlik edən Heydər Əliyevə yönəlmişdi. Ulu öndər Heydər Əliyev 1993-cü il iyunun 9-da xalqın təkidli tələbi ilə Bakıya qayıtdı. Xalq öz xilaskarını sevinclə qarşıladı.Genişlənməkdə olan vətəndaş müharibəsi təhlükəsini aradan qaldırmaq üçün Heydər Əliyev iyunun13-14-də Gəncədə oldu. Gəncə əhalisinin “Heydər baba, qurtar xalqı bu bəladan” şüarları ilə küçələrə çıxması sanki haqqın, ədalətin kömək diləyən səsi idi.1993-cü ilin iyunun 15-də Heydər Əliyev Ali Sovetin sədri seçildi. Bu gün tarixə Milli Qurtuluş günü kimi daxil oldu. Ermənistan ilə müharibə vəziyyətində olan Azərbaycan üçün ikinci cəbhə açaraq onu parçalayıb məhv etmək istəyən qüvvələrin təhriki ilə törədilən vətəndaş müharibəsinin qarşısı alındı. Həmçinin zorakı yolla hakimiyyəti dəyişmək ənənəsinə birdəfəlik son qoyuldu. Azərbaycan dövlətçiliyini və müstəqilliyini qoruyub saxlamaq mümkün oldu. Beləliklə, Azərbaycanın parçalanması təhlükəsi aradan qalxdı.Azərbaycan xalqı ölkənin müstəqilliyinə qənim kəsilmiş, xaricdən idarə olunan qüvvələrin qarşısını qətiyyətlə alan ulu öndər Heydər Əliyevin ətrafında daha da sıx birləşməyə başladı. 1993-cü il oktyabrın 3-də Azərbaycan xalqı Heydər Əliyevi Azərbaycan Respublikasının Prezidenti seçdi. Ümumxalq dəstəyi ilə prezident seçilmiş Heydər Əliyev andiçmə mərasimindəki nitqində dövlət müstəqilliyini möhkəmləndirmək, ərazi bütövlüyünü və tam suverenliyi təmin etmək, əhalinin rifahını yaxşılaşdırmaq vəzifələrini həyata keçirəcəyini bəyan etdi. Ulu öndər Heydər Əliyev eyni zamanda verdiyi ilk bəyanatlarının birində deyirdi: “-Mən Azərbaycanın müstəqilliyini Azərbaycan xalqı üçün böyük naliyyət hesab etmişəm və bu müstəqilliyin əldə olunmasına xidmət etmişəm. Bundan sonra ömrümün qalan hissəsini də Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə və inkişaf etməsinə sərf edəcəyəm. Azərbaycan Respublikasının demokratik, hüquqi dövlət kimi inkişaf etdirilməsinin təminatçısı olacağam. Azərbaycan Respublikasının dünya dövlətləri içərisində, dünya birliyində layiqli yer tutmasına çalışacağam.”Ümummilli lider Heydər Əliyevin söyləmiş olduğu bu fikirlər qısa zamanda reallığa çevrildi. Belə ki, tez bir zamanda ölkədə anarxiya və özbaşınalığın qarşısını alan ulu öndər Heydər Əliyev yürütdüyü uğurlu xarici siyasət nəticəsində 1994-cü il may ayının 12-də atəşkəsə nail oldu. Atəşkəs rejiminin elan edilməsi təkcə günahsız insanların qanının tökülməsinin, yeni ərazilərimizin itirilməsinin qarşısını almadı, həm də ordu quruculuğu işini başa çatdırmağa, ölkənin iqtisadi qüdrətinin artırılmasına diqqət yönəltməyə imkan verdi. İqtisadi problemlərin həllində ölkə üçün ən vacib amil ictimai-siyasi sabitliyin, sağlam münbit mühitin yaradılması idi. Belə olmasaydı Azərbaycanın böyük iqtisadi potensialından danışmaq qeyri-mümkün olar, dünya iqtisadiyyatına inteqrasiya, iqtisadi sahədə ölkəmizin digər ölkələrlə əməkdaşlığı mümkün olmazdı. Eyni zamanda, dövlət mülkiyyətinin ədalətlə özəlləşdirilməsi, özəl sektorun inkişafı baş tutmazdı. Bütün mümkün olanlar üçün müstəqilliyimizin qarantı, dövlətimizin qurucusu və memarı ümummilli lider Heydər Əliyevə minnətdar olmalıyıq. Ona görə ki, o, bazar iqtisadiyyatı yolunun qanun-qaydalarına riayət etməyi xalqımıza vacib bilərək deyirdi: “-Əgər biz istəyiriksə doğrudan da, həqiqətən respublikamızın təbiətindən, torpağından, suyundan, havasından, kənd təsərrüfatı imkanlarından maksimum istifadə edərək, xalqımızın rifahını yaxşılaşdıraq, onda biz bazar iqtisadiyyatı yolu ilə getməliyik. Bazar iqtisadiyyatının ən böyük xüsusiyyəti insanlara sərbəstlik verməkdən, onları torpağın sahibi etməkdən, bir sözlə mülkiyyət formasını dəyişdirməkdən ibarətdir”. Ulu öndər Heydər Əliyevin iqtisadi siyasətinin başlıca prinsipi belə olmuşdur: “İqtisadiyyatı güclü olan dövlət hər bir şeyə qadirdir”.Ümummilli liderimiz Heydər Əliyevin həyatının məqsədi Azərbaycan, Azərbaycan Respublikası, Azərbaycan vətəndaşı olmuşdur. Həyat amalı isə belə idi: “Əgər mən buna nail ola bilsəm, ən xoşbəxt adam kimi həyatımı başa çatdıracağam. Buna da nail olmağa çalışıram və çalışacağam”. Doğurdan da ümummilli liderimiz Heydər Əliyev Azərbaycan xalqı, Azərbaycan dövləti naminə hər bir məqsədinə nail oldu. Bütün bunların hamısı onun böyük bacarıq, səriştə və nüfuz sahibi olmasından irəli gəlirdi. Ölkəmizdə elə bir sahə yoxdur ki, orada ümummilli lider Heydər Əliyevin xidmətləri olmasın. Məhz bunun üçün də hər zaman Azərbaycan adı gəldikdə Heydər Əliyev, Heydər Əliyevin adı çəkildikdə isə Azərbaycan yada düşür. Ulu öndərimizin misilsiz xidmətləri sayəsində ölkəmizdə təhsil, mədəniyyət, səhiyyə, idman, ordu quruculuğu, iqtisadiyyat və digər sahələrdə canlanma yaranmış və göstərilən diqqət-qayğı nəticəsində misilsiz uğurlar əldə olunmuşdur. Məhz ulu öndər Heydər Əliyevin qətiyyətli bacarığı sayəsində respublikamızın digər dövlətlərlə əlaqələri yaranmış və qısa zamanda ölkəmiz bütün dünyada tanınmışdır. Azərbaycanın beynəlxalq miqyasda tanıdılması ulu öndər Heydər Əliyevin cilid-cilid kitablara sığmayan titanik fəaliyyətinin nəticəsidir.Beləliklə, yaxın tariximizə diqqət yetirdikdə görürük ki, ümummilli lider Heydər Əliyevin həyat fəaliyyəti yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin inkişafına və xalqımızın firavan yaşamasına həsr olunub. Ulu öndərimizin Azərbaycan xalqına, Azərbaycan dövlətinə həsr olunmuş fəaliyyəti və ömür yolu gələcək nəsillərə bir nümunədir. “Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram” deyərək əməli siyasi fəaliyyəti ilə bunu sübut edən ümummilli lider Heydər Əliyev əbədi olaraq Azərbaycan xalqının yaddaşına, bir sözlə tarixinə həkk olunmuşdur. Deməli, ümummilli lider Heydər Əliyevin ömrü elə yaşadığımız Azərbaycanın tarixidir. Bu tarixi sevmək üçün isə ilk əvvəl onu öyrənməliyik. Bunun üçün isə dahi şəxsiyyətin ömür salnaməsini dönə-dönə səhifələmək, oxumaq, öyrənmək və sevərək təbliğ etmək lazımdır. Bunu etmək isə hər bir Azərbaycan gəncinin ümdə vətəndaşlıq borcudur.

Anar Şahmuradov

YAP Ağdaş rayon təşkilatının əməkdaşı