ATƏT-in Minsk QÜRUBU, yaxud mandatı itən, siyasi vəfatı baş tutan qrupu – TƏHLİL / VİDEO

7 Dekabr 2022 13:34 (UTC+04:00)

Son günlər müzakirə mövzularından biri ATƏT-in Minsk qrupunun iflasa uğraması, siyasi vəfatının və dəfn mərasiminin baş tutmasıdır.

Təkcə azərbaycanlı ekspertlər deyil, dünyanın nüfuzlu siyasi şərhçiləri və mötəbər strateji araşdırma mərkəzlərinin nümayəndələri də “ATƏT-in Minsk qrupu ləğv edildi”, “Minsk qrupu öldü, dəfn olundu”, “Bu, zatən ölü doğulmuş təşkilat idi” kimi rəylər ifadə edirlər.

Bəs Minsk qrupu niyə fiaskoya məhkum oldu?

Bu suala cavab tapmaq üçün yeni suallar vermək lazımdır. Məsələn, ATƏT-in Minsk qrupunun vəzifəsi nə idi? Təbii ki, vasitəçilik.

Bəs missiyası? Tənzimləmə qrupu kimi münaqişənin sülh yolu ilə beynəlxalq hüquq normaları əsasında həllinə nail olmaq.

Nəticə nə oldu? Azərbaycan öz milli gücüylə, hərbi-siyasi yolla münaqişənin həllinə nail oldu. Azərbaycanın 44 günlük müharibədə möhtəşəm qələbə qazanaraq torpaqlarını işğaldan azad etməsi təkcə ərazi bütövlüyünün və tarixi ədalətin bərpası deyil. Bu, eyni zamanda, dünyada yeni nümunənin - mühüm bir presedentin yaradılmasıdır. Söhbət Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının uzun illər kağız üzərində qalmış 822, 853, 874 və 884 saylı qətnamələrinin icrasına nail olmaqdan gedir.

Eyni zamanda, “Münaqişənin hərbi həlli yoxdur” deyənlərin, işğalçı ilə işğala məruz qalanı eyniləşdirənlərin siyasəti iflasa uğradı.

Sadə bir fakta nəzər salaq: Ermənistanın təcavüzkar siyasətini davam etdirməsinə, məlum qətnamələri yerinə yetirməməsinə görə bu ölkəyə qarşı sanksiya tətbiq edilməsi imkanı olsa da, belə bir təşəbbüs irəli sürülmədi. ATƏT isə ya siyasi susqunluq nümayiş etdirdi, ya da formal bəyanatlar verməklə kifayətləndi. Bu, ikili standartlar siyasətinin və selektiv yanaşmanın bariz nümunəsi idi. Çünki dünya təcrübəsində müxtəlif ölkələrə qarşı BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin dərhal və tam icrasına dair kifayət qədər fakt və nümunə var idi. Məsələn, 1990-cı il avqustun 2-də İraq ordusu Küveytə hücum edərək onu işğal etmişdi. BMT 7 ay davam edən işğala görə İraqa qarşı sanksiyalar tətbiq etmiş, ABŞ və onun müttəfiqləri isə təşkilatın Təhlükəsizlik Şurasından mandat alaraq 1991-ci ilin fevralında “Səhrada tufan” əməliyyatına başlamışdılar.

Azərbaycan isə uzun müddət qərəzli yanaşma ilə üzləşdi. Amma ölkəmiz bu ədalətsizliyi öz gücü ilə aradan qaldırdı, bütün dünyaya işğalçı siyasətin və separatizmə əsaslanan mövqeyin, yaxud neqativ geosiyasi amil olan bölücülüyə rəvac verən aqressiv politikanın hər hansı bir perspektivi olmadığını sübut etdi. Bu, həm də ATƏT-in “premature” qurumunun perspektivsizliyini bir daha nümayiş etdirdi.

Artıq Minsk qrupunun keçmiş missiyasına uyğun fəaliyyətinə ehtiyac - lüzum yoxdur. Daha dəqiq desək, “turist diplomatiyası” heç kimə lazım deyil. İndi əsas məsələ müharibəsonrası dövrdə bölgədə davamlı sülh və təhlükəsizliyin təmin edilməsi, 2020-ci il 10 noyabr tarixli Bəyanatda əksini tapan məsələlərin icrası, kommunikasiyaların açılması və digər bir sıra istiqamətlərdə fəaliyyət göstərməkdir.

44 günlük müharibənin bitməsindən bu zamana qədər həmsədrlər Ermənistanın üçtərəfli Bəyanatın icrası ilə bağlı öhdəliklərinin yerinə yetirilməsində israrlı olmadı və ya hər hansı bir sərt bəyanat verilmədi. Bu isə “siyasi reanimasiya”da olan Minsk qrupunun vəfatını təsdiqlədi.

Minsk qrupunun funksiyasının bitdiyini və ya “siyasi vəfatı”nı rəsmiləşdirməyin isə bir yolu var: həmsədrlər ayrılıqda deyil, birlikdə ya “The Washington Post”, ya “Le Figaro”, ya da “Rossiyskaya qazeta”da elan versinlər: “ATƏT-in Minsk qrupunun mandatı itdiyi üçün etibarsız sayılır” və yaxud “Minsk qrupunun siyasi vəfatından kədərləndiyimizi bildirir, ikili standartlar siyasətini dəstəkləyən bütün qüvvələrə dərin hüznlə başsağlığı veririk” formasında. Məhz indi və həm sözün, həm də əməlin bitdiyi yerdə!