"Tərəflər də atəşkəsə yaxın deyillər" - SİYASİ EKSPERT ŞƏRH ETDİ

7 Dekabr 2022 13:05 (UTC+04:00)

"Rusiya ilə Ukrayna arasında müharibə gözlənildiyindən daha çox çəkə bilər". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Vüqar Əhmədov deyib.

Onun sözlərinə görə, bu müharibənin uzanmasında maraqlı qüvvələr proseslərə təsir etmək baxımından kifayət qədər güclüdürlər. Onların əksəriyyəti Ukraynaya dəstək verməklə, vaxtaşırı da Rusiyanın da bu müharibədə haqlı tərəflərinin olduğunu qabartmaqla bu qarşıdurmanın sanki uzanmasında maraqlı görsənirlər. Tərəflər də atəşkəsə yaxın deyillər, çünki tələbləri uzlaşmır.

Müharibə yeni başlayanda Ukrayna atəşkəsdə daha maraqlı idi, çünki hərbi və maliyyə dəstəyi yox idi, indi artıq Ukrayna Qərbdən geniş dəstək alır, ordu və əhali səfərbər olunub və əks-hücum əməliyyatı aparır. Təbii ki, Rusiya da geri çəkilmək fikrində deyil. Belə görünür ki, bu müharibədə yalnız müəyyən fasilələr yaranacaq, lakin Ukrayna öz ərazilərindən Rus qoşunları çıxmayana qədər kompromisə gəlmək fikrində olmadığını bildirib. İndi əsas məsələlərdən biri Ukraynaya dəymiş iqtisadi və sosial ziyanın qiymətləndirilməsidir. Bununla bağlı artıq beynəlxalq təşkilatlarda ekspert qrupları da yaradılıb. Bu isə Ukraynaya əlavə vəsait cəlb etməyə kömək edə bilər. Bu müharibənin digər fəsadı dünyada ciddi qida qıtlığı yarada bilər ki, bunda da müəyyən qüvvələr maraqlı görsənir. Göründüyü kimi bu müharibə həm qlobal enerji və qida qıtlığına səbəb olur ki, bunun da yaranmasının arxasında qlobal güclərin olması aydın görünür. Təbii ki, bundan ən çox əziyyət çəkən Avrasiya regionunda yerləşən ölkələr olacaq".