Son 3 ayda "Dost İş Mərkəzi"-nə nə qədər müraciət olunub? - QURUM RƏSMİSİ AÇIQLADI

7 Dekabr 2022 13:01 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən 2019-cu ilin əvvəlindən ictimai işlərin təşkili ilə bağlı yeni mexanizmi nəzərdə tutan “İşsizin dostu” proqramına başlanılıb. Həmin proqram Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin törəmə cəmiyyəti olan “DOST İş Mərkəzi” MMC tərəfindən icra olunur. Haqqı ödənilən ictimai işlər proqramı ilkin peşə, ixtisas hazırlığı olmayan işçi qüvvəsinin işlə təminatına imkan yaratdığı kimi, onların müxtəlif peşə sahələri üzrə bilik və bacarıqlara yiyələnmiş işçi qüvvəsinə çevrilməsinə də şərait yaradır.

2021-ci ilin yanvar ayından iri dövlət müəsisələri tərəfindən 18 minə yaxın içtimai iş yeri “DOST İş Mərkəzi” MMC-yə ötürülüb. Həmin işlərdə çalışan şəxslərlə bağlanılan bütün mülki-hüquqi müqavilələr “DOST İş Mərkəzi” MMC tərəfindən artıq əmək müqaviləsi ilə əvəz edilib. Bu da həmin şəxslərin gələcək əmək və sosial təminat, pensiya, məzuniyyət hüquqlarının, həmçinin sosial sığorta sistemində iştirak etmək imkanlarının yaranmasına səbəb olur. İctimai işçilər əmək qanunvericiliyinə uyğun olaraq məzuniyyət hüququndan istifadə edir. Bəs son 3 ay ərzində “Dost İş Mərkəzi”-nə nə qədər vətəndaş müraciət edib.

Mövzu ilə əlaqədar olaraq SİA-nın sorğusuna “DOST İş Mərkəz”-inin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Rüfət Seyidov cavab bildirib. Qurum rəsmisi qeyd edib ki, son 3 ayda DOST İş Mərkəzinə 4643 telefon müraciəti daxil olub: “Əyani qəbula gələn vətəndaşların sayı 3084-dür”.