“Hraparak”ın “kürkünə birə” düşüb: RSK-nın davranışları isə şübhəlidir! AKTUAL+ANALİTİK

7 Dekabr 2022 12:03 (UTC+04:00)

Azərbaycanlılar Xankəndinin girişinə post qoyacaqmı?

Azərbaycan ekoloqlarının bir neçə gün əvvəl Xankəndi yolu üzərində - Rusiya sülhməramlıları kontingentinin (RSK) müvəqqəti yerləşdikləri ərazilərdə monitorinq aparmaq niyyətini irəli sürmələri və RSK-nın komandanı Volkovun birinci postda gömrük-rentgent avadanlığının quraşdırılması ilə bağlı vəd verməsinin ardınca digər məsələlər də, hələlik, açıq qalmaqda davam edir. Daha dəqiq desək, olayın üzərindən bir neçə gün keçməsinə rəğmən nə Volkovun dediyi kimi, azərbaycanlıların RSK ilə paralel qaydada nəzarət edəcəkləri “mini gömrük” postu qurulub, nə də digər məsələlər öz həllini tapıb.

RSK-nın "siçan-pişik" oyununu oynaması hansı nəticələrə gətirib-çıxara bilər?

Daha bir danılmaz fakt budur ki, RSK-nın separatçılara aşkar, yaxud gizli havadarlıqları davam edir. Necə deyərlər, "siçan-pişik" oyunu oynanılır, amma belə bir həssas məqamlarda belə oyunbazlıqların hansı nəticələrə gətirib-çıxaracağını da bəri başdan düşünmək olar. Üstəlik, ərazilərimizin erməni toponimləri ilə adlandırılması, hətta sülhməramsız “soldatın” jurnalistimizə “maşınınızı Azərbaycan tərəfinə keçirin” tələbinə, qanunsuz erməni silahlılarının “polis” geyimində RSK-nın arxasında dayanmasına da sərt münasibət bildirmək hələ də gec deyil.

Erməni nəşri: “Bizim Qarabağdakı mənbələr deyirlər ki, cihazların quraşdırılması ilə bağlı artıq razılıq əldə olunub”

Lakin digər tərəfdən, onu da etiraf edək ki, həmin hadisədən sonra erməni tərəfinin kürkünə də birə düşüb. Erməni mətbuatı bu barədə yazarkən iddia edirlər ki, RSK Azərbaycanın tələblərinə riayət edəcək. Bu arada, olayla bağlı erməni mənbələri iddia edir ki, Azərbaycan ekoloqlarının Şuşa-Laçın yolunda və Xocalıda RSK-nın komandanı Volkovla görüşündən sonra rus komandan separatçı-terrorçu rejimin qondarma “təhlükəsizlik şurası”nın katibi Vitali Balasanyanla da görüşüb. Guya Volkovun Xocalı qatili olan erməni general-mayorla görüşündə dolayısıyla Azərbaycan tərəfinin “xeyrinə” olan qərarlar əldə edilib və s.

“Cihazların quraşdırılması ilə bağlı artıq razılıq əldə olunub”

Misal üçün, Ermənistanın “Hraparak” nəşri yazır: “Təhlükəsizlik şurasının katibi” (dırnaqlar bizimdir-R.R.) Vitali Balasanyan və komandası dünəndən bəri Rusiya sülhməramlıları rəhbərinin təkidi ilə Laçın dəhlizində keçid məntəqəsinin qurulmayacağı və rentgen skanerlərinin quraşdırılması məsələsinin hələ də müzakirə olunması ilə bağlı ictimaiyyətin başının altına yumşaq yastıq qoymağa çalışsalar da, bizim Qarabağdakı mənbələr deyirlər ki, cihazların quraşdırılması ilə bağlı artıq razılıq əldə olunub və yaxın gələcəkdə belə qurğular sülhməramlıların ərazisindəki nəzarət məntəqəsində quraşdırılacaq”.

Səbrin tükənməsi faktı artıq ortadadır…

Qəzetə məlumat verən mənbənin sözlərinə görə, azərbaycanlılar onlayn rejimdə Qarabağa daxil olan avtomobillərin sərnişinlərini və baqajlarının içini izləyə biləcək və ruslarla birlikdə dəhlizə nəzarət edəcək: “Baxmayaraq ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda yolun yalnız Rusiya sülhməramlılarının nəzarəti altında olacağı açıq şəkildə göstərilib. Rusiya sülhməramlılarının komandanı Volkovun bir gün əvvəl Balasanyanla uzun-uzadı söhbət etdiyi və anti-Rusiya hay-küyü salmamaq üçün, hələlik, bu razılaşmalar faktını gizlətməyə qərar verildiyinə dair məlumatlar var”, “Hraparak” qəzetinin xəbərində belə deyilir.

Bizə isə gözləmək qalır. Görək bu hadisələr necə inkişaf edəcək (?). İnanmaq istərdik ki, Azərbaycan tərəfinin tələb və şərtləri qısa zamanda reallaşdırılacaq. Əks halda səbrin tükənməsi faktı artıq ortadadır. Hətta daha dərindən vurğulasaq, YAŞMANIN və YARASANIN barmaqları tətikdədir və hədəflər, nişangahlar da məlumdur!

Rövşən RƏSULOV