Abşeronda yaşayış binasında partlayış olub - FOTO/VİDEO

7 Dekabr 2022 10:21 (UTC+04:00)

Abşeronda yaşayış binasında partlayış olub, xəsarət alan var.

Bu barədə SİA-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, bu gün səhər 08:00 radələrində FHN-in “112” qaynar telefon xəttinə rayonunun Masazır qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binasında partlayış baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Abşeron Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin ilkin qiymətləndirilməsi zamanı yeddimərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 67m² olan ikiotaqlı mənzilin eyvanında ilkin ehtimala görə məişət qazının sızması nəticəsində yanğınla nəticələnməyən partlayışın baş verdiyi müəyyən olunub. Hadisə nəticəsində ilkin məlumata əsasən, 1 nəfər xəsarətlərlə xəstəxanaya aparılıb. Partlayış dalğasının təsirindən mənzilin 1 otağının pəncərə çərçivəsi yerindən çıxıb, giriş qapısına ziyan dəyib.

FHN əməkdaşları tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.