Fransa mətbuatı azərbaycanlı cazmenin konsertindən yazıb

6 Dekabr 2022 19:37 (UTC+04:00)

Fransa mətbuatında “Azərbaycan etno-cazı Parisdə təqdim olunub” sərlövhəli məlumat yayımlanıb.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, Azərbaycanın ən istedadlı cazmenlərindən, pianoçu-bəstəkarlarından biri olan Etibar Əsədli “Muğam” adlı yeni albomunu təqdim etmək üçün məşhur “Baiser Salé” caz klubunda çıxış edib.

“Muğam” albomunda ənənəvi Azərbaycan kompozisiyalarının caz ritmlərində təqdim edildiyi, etno-caz gecəsinin yer üzündə müharibələr əleyhinə, sülh naminə həmrəyliyə həsr olunduğu diqqətə çatdırılıb.

Akustik və elektron səslərin birləşdirildiyi caz-muğamı təqdim edən tanınmış musiqiçinin beynəlxalq müsabiqələrin qalibi olduğu, Azərbaycan, İsveçrə, Fransa, Böyük Britaniya, Türkiyə, Ukrayna və Bolqarıstanda keçirilən müxtəlif caz festivallarının səhnələrində solo, trio və kvartetlə çıxış etdiyi vurğulanıb.