“Müxalifət demişdi ki...” MÜNASİBƏT

6 Dekabr 2022 15:23 (UTC+04:00)

Hüquq müdafiəçisindən maraqlı açıqlama

“İlham Əliyevi ömürlük Prezident seçmək lazım deyil. Onsuz da onu seçəcəklər. İllərdir, Azərbaycan bir qarış torpaq qaytarmamışdı. Ali Baş Komandanın başçılığı ilə Ordumuz Qarabağı bizə qaytardı. Bu, Azərbaycan üçün, dövlət üçün çox böyük qələbədir. Ona görə də, hesab edirəm, demokratik seçkilərlə İlham Əliyev seçiləcək”. SİA xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında tanınmış hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib. Hüquq müdafiəçisi vaxtilə müxalifətin səsləndirdiyi fikirləri də xatırladıb. SİTAT: “Müxalifət demişdi ki, İlham Əliyev Qarabağı alsın, ömürlük Prezident qalsın. Axı bu da var idi”.

N.Cəfəroğluya görə, demokratik seçkilərdə İlham Əliyev birinci olacaq. Bu baxımdan da, “ömürlük Prezident seçilsin” deməyin faydası yoxdur. O, əminliklə bildirib ki, İlham Əliyev Azərbaycan xalqının lideri olaraq seçiləcək. SİTAT: “Əminəm ki, hər dəfə İlham Əliyevi seçəcəklər. Görün, bu gün, sabah nə qədər dəyişikliklər olacaq”.

Hüquq müdafiəçisi hazırda işğaldan azad edilmiş torpaqlarımızda aparılan bərpa, tikinti-inşaat və infrastrukturlar barədə də münasibətini açıqlayıb. Onun sözlərinə görə, Qarabağın bərpası üçün nəhəng işlər görülür, investisiya gətirilir və bütün bunlarla paralel olaraq rüşvətxorluğa, korrupsiyaya, eləcə də narkotiklərin yayılmasına qarşı güc strukturları mübarizə aparırlar və bütün bunların hamısı xalqın gözü qarşısında reallaşdırılır. O, qeyd edib ki, qarşıdakı zamanlarda daha böyük islahatlar realizə olunacaq və buna da səbr etmək lazımdır. Novella Cəfəroğlu bəzi problemlərin yaranmasında pandemiyanın da kifayət qədər təsirlər göstərdiyini qeyd edib. SİTAT: “İslahatlar olacaq, sadəcə, bunun üçün bir az dözüm lazımdır. Müharibədən çıxmış dövlətik. Doğrudan da, çətinliklərimiz mövcuddur, qazilərimiz, şəhid ailələrimiz, pensiya məsələləri, sosial problemlər var. Pandemiya tək bizi yox, bütün dünyanı nə qədər geri atdı. Buna görə də bir az dözümümüz olsun”.

Novella Cəfəroğlu əmin olduğunu bildirib ki, Azərbaycan daha da güclənəcək və gözəl bir dövlət olaraq öz uğur sözünü deməyə davam edəcək.

Rövşən RƏSULOV