YÜKSƏK İNKİŞAFA VƏ RİFAHA ƏSASLANAN SİYASƏT TƏHLİL

6 Dekabr 2022 15:12 (UTC+04:00)

Prezident İlham Əliyevin Oğuz və Şəkiyə səfəri regionların inkişafına olan diqqətin əyani təzahürüdür

Dünya birliyinə sürətlə inteqrasiya olunaraq demokratik inkişaf yolunda atdığı ardıcıl addımlarla regionda böyük nüfuz sahibinə çevrilən müstəqil Azərbaycanın qısa zamanda əldə etdiyi böyük nailiyyətlər, ilk növbədə hər bir vətəndaşın mənafeyinə xidmət edən təkmil sosial-iqtisadi inkişaf strategiyasına əsaslanır. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş mütərəqqi islahatları bütün sahələrdə inamla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev son 19 ildə regionların sosial-iqtisadi inkişafını xüsusi diqqət mərkəzində saxlamış, bu istiqamətdə kompleks tədbirlər həyata keçirmişdir. "Bizim iş üslubumuz belədir: bölgələrdə problemi müəyyən etmək, onun həlli üçün lazım olan yolları müəyyən etmək, axtarmaq və tədbirlər planı hazırlamaq. Bunu etmək üçün artıq bizim maliyyə imkanlarımız da var" - deyən dövlət başçısının həyata keçirdiyi uğurlu strategiya nəticəsində Azərbaycan qısa müddətdə dünyanın sürətlə inkişaf edən, bütün sahələrdə yeniləşən dövlətlərindən birinə çevrilmişdir.

BÖLGƏLƏRƏ HƏR SƏFƏR YENİ UĞURLARIN TƏMƏLİ VƏ MÜJDƏSİDİR

Bəli, Azərbaycanın yüksəlişinin əsas göstəricilərindən biri olan regionların inkişafı hər zaman dövlət siyasətinin prioritet istiqamətlərindən biri olub. Regionların inkişafı üçün zəruri infrastrukturun yaradılması, investorların regionlara cəlb olunması, yeni iş yerlərinin açılması, əhalinin həyat tərzinin yaxşılaşdırılması ölkəmizdə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsi olduğunu təsdiq edən ən mühüm amillərdir. Məhz bu amilləri əsas tutan Azərbaycan Prezidenti İlham Əliyevin ölkənin rayon və bölgələrinə etdiyi müntəzəm səfərlər regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasının effektivliyinin təmin olunması baxımından müstəsna əhəmiyyət kəsb edir. Və bu səfərlər zamanı verilən dövlət tapşırıqlarının icrası yerində yoxlanılır, baş tutan açılışlar və təməlqoyma mərasimləri isə görülmüş işlərin həcminin göstəricisidir. Elə bu günlərdə – dekabrın 2-də Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Şəki və Oğuz rayonlarına səfər çərçivəsində bir çox obyektlərin açılışında və təməlqoyma mərasimlərində iştirak edib. Səfər çərçivəsində Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz-Şəki hissəsinin yenidənqurmadan sonra açılışında iştirak edib, Şəkinin Orta Zəyzid kəndində “Green Factory” Məhdud Məsuliyyətli Cəmiyyətinin quru meyvə istehsalı müəssisəsində yaradılan şəraitlə, Şəki Şəhər İcra Hakimiyyətinin yeni inzibati binasında yaradılan şəraitlə tanış olublar.

HEYDƏR ƏLİYEV FONDUNUN NÖVBƏTİ UĞURLU İŞİ - ŞƏKİ XAN MƏSCİDİ KOMPLEKSİ BƏRPA OLUNUB

Respublikamızda gedən inkişaf proseslərinə Heydər Əliyev Fondu da layiqli töhfələr verməkdədir. O cümlədən regionların yüksəlişində də fond yaxından iştirak edir, dövlət siyasətinə dəstək olaraq mühüm layihələr həyata keçirir.Şəki rayonunda görülən işlər də göstərdi ki, Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun regionlarda həyata keçirdiyi layihələr davamlı xarakter alıb. Bu layihələr həm tariximizin qorunmasına, həm də sosial rifahın yüksəlməsinə xidmət edir. Fond tərəfindən həyata keçirilən layihələrdən biri də Şəki Xan məscidi kompleksində aparılan bərpa işləridir. Bərpa işləri 2021-ci ilin may ayından etibarən həyata keçirilib. Heydər Əliyev Fondu bərpa işləri ilə yanaşı, qazıntılar zamanı aşkar olunan və Şəki xanı nəslinə aid olduğu ehtimal edilən skelet nümunələri üzrə tədqiqatların aparılmasına da dəstək göstərib. Həmçinin Heydər Əliyev Fondunun təşəbbüsü ilə Oğuz şəhərində 100 yerlik körpələr evi-uşaq bağçası da inşa edilib. Dekabrın 2-də Prezident İlham Əliyevin rayona səfəri zamanı istifadəyə verilən bağça ən müasir standartlara uyğun tikilib. Bu bağçanın inşası bir daha göstərir ki, Heydər Əliyev Fondu sosial infrastrukturun inkişafına layiqli və nümunəvi töhfələrini davam etdirir. Həmçinin, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Oğuzda inşa edilmiş körpələr evi-uşaq bağçasının açılışda iştirak edib. Şəkinin “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu ərazisində aparılan təmir-bərpa işləri ilə tanışlıq zamanı Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva sakinlərlə görüşüb söhbət etdilər, xatirə şəkilləri çəkdirdilər.Həmçinin, Prezident İlham Əliyev səfər çərçivəsində Oğuzda Daşağıl çayı üzərində “Oğuz-1”, “Oğuz-2”, “Oğuz-3” kiçik su elektrik stansiyaları silsiləsinin açılışında da iştirak edib. Dövlət başçısı “Şəki-Oğuz” Aqroparkının torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsi üzrə görülmüş işlərlə tanış olub. Dövlətimizin başçısı aqroparkın torpaq sahəsini suvarma suyu ilə təmin edən qurğuları işə salıb.Bir sözlə, bütün bunlar bir daha göstərir ki, Prezident İlham Əliyevin regionların inkişafı və quruculuq işləri ilə bağlı qarşıya qoyulan vəzifələr sürətlə icra olunur, bütün məqsədlər həyata vəsiqə alır. İstifadəyə verilən və təməli qoyulan yeni müəssisələr və infrastrukturlar isə həm regionun yüksəlişinə xidmət edəcək, həm də bütövlükdə respublikamızın inkişaf göstəricilərinə töhfə verəcək.Onu da qeyd edək ki, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları üzrə qarşıya qoyulmuş vəzifələr bu rayonların hər birində icra olunub.Bax, budur müasir Azərbaycan həqiqətləri. İnanırıq ki, Prezident İlham Əliyevin Şəki və Oğuza səfərləri də bu rayonların inkişafının daha da sürətlənməsinə xidmət edəcək.

RƏFİQƏ KAMALQIZI