“Sülhməramlılar razılaşmanın şərtlərini pozurlar” AÇIQLAMA

6 Dekabr 2022 14:54 (UTC+04:00)

“Azərbaycan Respublikasının ərazisində yer adlarının, toponimlərin dəyişdirilməsi ilə bağlı məsələlər qanunvericiliyə görə parlamentin və yerli icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aiddir”. Bunu “Səs” qəzetinə açıqlamasında politoloq Elşən Manafov deyib.

Onun sözlərinə görə, Rusiya sülhməramlılarının sülhməramlılarla bağlı beynəlxalq qanunvericiliyin norma və tələblərinə əsasən, belə bir səlahiyyəti yoxdur: “Sülhməramlıların humanitar dəstək adı altında Qarabağda həyata keçirdikləri tədbirlər Azərbaycanın yurisdiksiyasına aid olan məsələlərdir. Qarabağdakı erməni icmasının Azərbaycanın müəyyən etdiyi məlum təklif və tələblərinə münasibətindən asılı olaraq dövlətimiz onların təhlükəsizliyinə təminat verməyə, onların qanunvericiliklə təsbit olunacaq insan hüquq və azadlıqlarının ən yüksək səviyyədə qorunacağını vəd edir. Azərbaycan özünün dövlət başçısının simasında Qarabağ probleminin artıq həll olunduğunu, bu problemin dövlətimizin daxili işinin olduğunu dəfələrlə bəyan edib və bu sahəyə hər hansı formada müdaxilənin yolverilməz olduğunu, bunun Azərbaycanın daxili işlərinə bilavasitə müdaxilə olduğunu dəfələrlə bəyan edib”.

E.Manafov onu da bildirdi ki, Rusiya Müdafiə Nazirliyinin saytında Azərbaycandakı yer adları ilə bağlı fərqli məlumatların yerləşdirilməsi Azərbaycan və Rusiya arasında bu ilin fevralında Moskvada imzalanmış və informasiya təhlükəsizliyi sahəsində əməkdaşlığı nəzərdə tutan məlum müqavilənin şərtlərinə ziddir, müttəfiqlik barədə razılaşmanın mahiyyətinə xələl gətirə biləcək addımdır: “Yaxşı olardı ki, sülhməramlılar Moskva razılaşmasının şərtlərindən irəli gələn tələblərin icrasına köklənsinlər, belə ki, Ermənistanın işğalçı ordusunun tör-töküntülərinin Azərbaycan ərazisindən çıxarılması sülhməramlıların üzərinə düşən əsas vəzifələrdəndir. Bunun müqabilində sülhməramlıların gözü qarşısında Laçın dəhlizi vasitəsilə Qarabağdakı separatçı rejimə Ermənistandan silah və sursatın daşınması sülhməramlıların bitərəf və qərəzsiz olacağı ilə bağlı məsələlərə şübhə ilə yanaşmağımıza əsas verir”.