Qatarlar arasında intervalları iki dəqiqədən aşağı salmaq olmur -QURUM RƏSMİSİ AÇIQLADI

6 Dekabr 2022 14:23 (UTC+04:00)

“Metroda sıxlıq məsələsinin aradan qaldırılması hər hansısa tədbirlərin görülməsi ilə baş tutacaq bir şey deyil. 2019-cu ilə qədər də Bakı Metropolitenində bugünkü sıxlıqlar var idi. Hətta 2019-cu ildə sıxlıq daha ifrat səviyyədə idi. Məsələnin həlli isə tamamilə fərqli müstəvidədir”. Bu sözləri SİA-ya açıqlamasında Bakı Metropoliteninin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, ilk öncə xətlərin ayrılması layihəsi həyata keçirilməlidir: “Yaşıl və qırmızı xətlər biri-birindən ayrılmalıdır ki, metropolitendəki mövcud sıxlıqlar aradan qaldırılsın. Eyni zamanda, kompleks şəkildə bu digər qarşıda duran mövcud məsələlərin də həllinə müsbət təsirini göstərəcək.

Xətlərin ayrılması layihəsi təbii ki, mərhələli olmaq şərti ilə 9 stansiyanın inşaasını nəzərdə tutur. Belə olduqda yaşıl və qırmızı xətlərin müstəqil fəaliyyəti təmin oluna bilər. Bu gün metropolitendə sıxlıqdan danışırıqsa, ardıcıl olaraq məsələyə aydınlıq gətirə bilərik. İlk öncə metropolitenin vaqon parkı bu gün mövcud texniki imkanlar səviyyəsində optimal olaraq kifayət qədər yetərlidir. İntervalları iki dəqiqədən aşağı salmaq olmur. Üçüncü vacib məsələ isə stansiyaların müəyyən ölçüləri var və onları böyütmək olmur. Onlar yaşıl, qırmızı xətlər üzrə 5 vaqonluq qatarlar üçün nəzərdə tutulub. Yəni artıq vaqonu həmin qatara qoşmaq olmaz. Bunun həlli yolları isə digər məsələlərin öz həllini tapmasına bağlı olaraq qalır. Bu da təbii ki, xətlərin ayrılmasını nəzərdə tutan layihənin həyata keçirilməsidir.

Bu gün aparılan bütün araşdırmalar da xətlərin ayrılması layihəsinin vacibliyini üzə çıxarır”.