Türkiyə-Azərbaycan təlimləri qardaşlığımızın növbəti nümayişidir – DEPUTAT ŞƏRH ETDİ

6 Dekabr 2022 13:53 (UTC+04:00)

“Düşünürəm ki, Azərbaycan-Türkiyə təlimlərindən hər kəs öz hesabını götürdü və bundan sonra atacağı addımları ölçüb-biçdi. İki qardaş ölkənin ordularının birgə təlimi həm də ehtimal düşmənə qarşı atılacaq addımları balansladı. Bu təlimlər həm də Türkiyə ilə Azərbaycanın qardaşlığını, müttəfiqliyini dünyaya bir daha nümayiş etdirdi. Türkiyənin milli müdafiə naziri Hülusi Akarın Azərbaycana səfəri, Prezidentimizlə görüşü, həmkarı ilə təlimləri izləməsi regionumuzda baş verə biləcək bu və ya digər hadisələrə hazırlığın hansı səviyyədə olduğunu üzə çıxardı. Bu səfər və keçirilən təlimlər Türkiyənin Azərbaycanın daimi olaraq yanında olacağını subut etdi”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

A.Hüseynov qeyd edib ki, regionumuzda hadisələrin inkişafı hazırlıqlı olmağımızı tələb edir: “Azərbaycan müstəqilliyinin ilk günlərindən zorən münaqişəyə cəlb edilib. Ermənistan maşası olduğu dövlətlərə arxalanıb 20 faizdən çox ərazilərimizi işğal etmişdi. İşğalçının qanunsuz, irticaçı, vandal əməlləri düz 30 il çəkdi. Bu illər ərzində Azərbaycan bütün platformalarda Ermənistanın suveren, dünya birliyi tərəfindən tanınmış ərazilərimizi işğal etdiyini sübut etməyə çalışdı, 30 il münaqişənin sülh yolu ilə həllini istədi, Ermənistanı bu əməlindən geri çəkilməyə çağırdı. Amma Ermənistan bu əraziləri işğalda saxlamaqla Azərbaycanı onunla hesablaşmağa məcbur etmək istədi. Nəhayət, II Qarabağ müharibəsi qaçılmaz oldu. 44 günlük müharibənin nəticəsi olaraq Ermənistanın kapitulyasiya aktını, üçtərəfli Bəyanatı imzalamaqdan başqa yolu qalmadı. Bu gün də Azərbaycan mehriban qonşuluq şəraitində yaşamaq istəyini bütün dünyaya bəyan edir. Ermənistan tərəfinə təklif olunmuş baza prinsiplərinin beynəlxalq sənədlərlə eyniyyət təşkil etməsi də bunu sübut edir. Məğlub Ermənistan isə ona doğru uzanan xoşniyyətli əli tutmaqdan hələ də imtina edir, sülh müqaviləsi imzalamağa tələsmir. Azərbaycanın səbri tükənməz deyil, sabah bugünkü təkliflər öz qüvvəsini itirə və Ermənistan yaxın-uzaq “dostlarına” arxayınçılığı onun özünü xəritədən silə bilər”.