“Qardaş yumruğu” – Arazın o tayı da, bu tayı da... ANALİTİK+AKTUAL

6 Dekabr 2022 11:56 (UTC+04:00)

Tehrana verilən siqnaldan hansı nəticələri çıxarmaq olar?

Dekabrın 5-dən başlayaraq iki qardaş və müttəfiq dövlətlərin - Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin İranla sərhədlərdə yerləşən Astara, İmişli və Cəbrayıl rayonlarında “Qardaş yumruğu” adlı irimiqyaslı hərbi təlimləri keçirilir. Məhz təlimlərin keçirildiyini əks etdirən videogörüntülərdə ilk nəzərə çarpan və kifayət qədər diqqət çəkən süjet müttəfiq ölkələrə məxsus ordu hissələrinin Araz çayı üzərindən İran sərhədlərinə doğru panton körpünün salmaları, ağır texnikaların pantonlar üzərindən keçidi, eləcə də hərbi katerlərin çayın bir sahilindən digər sahilinə keçmələridir.

Türkiyənin ordusu Azərbaycanın, Azərbaycanın da ordusu Türkiyənindir!

Lakin ən əsası, həmin kadrlar belə deməyə zəmin yaradır ki, əslində bir müddət əvvəl İranın Azərbaycanla sərhədlərdə keçirdiyi təhdid xarakterli hərbi təlimlərinə necə deyərlər, paralel, eləcə də yerində verilən cavabıdır. Artıq bu cür də qənaətə gəlmək olar ki, “Qardaş yumruğu” təlimləri Tehrana tərəf verilən siqnaldır ki, əgər bu ölkənin hərbi-siyasi dairələri Azərbaycanın ünvanına təhdidlərini davam etdirməyə davam etsələr, Bakının hərbi müttəfiqi Ankara həmin məsələyə müdaxilə edəcək. Məhz bu məqamda Azərbaycan Prezidenti İlham Əliyevin yaxınlarda səsləndirdiyi bəyanatı xatırlanır – Türkiyənin ordusu Azərbaycanın, Azərbaycanın da ordusu Türkiyənindir!

İran tərəfi panton körpünü Araz üzərindən salarkən...

Onu da xatırladaq ki, İran tərəfi hərbi təlimlərini keçirərkən, daha dəqiq desək, panton körpünü Araz üzərindən salarkən həmin tərəf bu ölkənin daxilində axan Araz çayının qollarından biri olub. Müdafiə Nazirliyinin mənbələri isə bildiriblər ki, məhz həmin anlarda, sahilin əks tərəfində ən müasir silahlara və təchizatlara, xüsusilə İsrail istehsallı “Harop” dron-kamikadzelərə malik Azərbaycan ordusu, həmçinin sərhəd qoşunları tam döyüş hazırlığı vəziyyətinə gətirilmişdilər. Onlar əmr gözləyirdilər ki, qarşı tərəf hər hansı təxribat törədərsə ona tərəf dərhal ağır və layiqli cavab verilsin.

Daha bir məqam bu idi ki, rəsmi Tehran İran inqilabı keşikçiləri korpusunun “Azərbaycanın suveren ərazilərinə müdaxilə” xarakterli hərbi manevrlərin keçirilməsi iddialarını qəbul etməyərək bəyan edirdilər ki, onların məqsədləri “şimal-qərb sərhədlərinin təhlükəsizliyini təmin etmək” olub. Yəni İranın hərbi-siyasi dairələri məqsədli şəkildə özlərinin şimal qonşularını öz təbirlərincə “qorxutmaq” istəyiblərmiş...

Bu addımlar Tehran üçün kifayət qədər fatal və dramatik, hətta ağlasığmaz dərəcədə ağır nəticələrə səbəb ola bilər

Və bütün bunlardan sonra Azərbaycan və Türkiyə ordularının hərbi təlimləri nəinki səbrin tükənməsi siqnalını verir, həm də ona işarə edir ki, İran bundan sonra hər hansı təhdid dili ilə danışmağa davam edərsə, yaxud İranın yuxarı eşalonlarında oturan bu və ya digər söz sahibləri Azərbaycana qarşı dil uzadarlarsa, təhlükə, hücum, aqressiya, təhqir və s. xarakterli ifadələrini davam etdirərlərsə həmin addımlar Tehran üçün kifayət qədər fatal və dramatik hətta ağlasığmaz dərəcədə ağır nəticələrə səbəb ola bilər.

Halbuki daha bir fakt budur ki, İran özünün digər təcavüzkar və işğalçı xislətli qonşusu, hətta bir az da irəliyə gedərək “qohum xalq” adlandırdığı Ermənistana açıq-aydın havadarlıq edir, üstəlik regionda dəyişmiş güc balansını qəbul etmir, həmçinin Zəngəzur dəhlizinin işə salınmasının qarşısının alınması istiqamətində əlində olan bütün imkanlarından maksimum istifadə etməyə çalışır.

Eləcə də müstəqil siyasət yürüdən Azərbaycanın hansı ölkələrlə necə münasibət qurmasına da sözün əsl mənasında burun dürtür. Misal üçün, Azərbaycana siyasi və mənəvi dəstəyini əirgəməyən İsraillə qurduğu münasibətlərinə görə dil uzadır, Bakını “sionist rejimlə” dostluq və strateji partnyorluq etməkdə ittiham edir. Bu kimi faktorları Bakıya qarşı istifadə edəcəyini özü üçün kifayət edən İran reallıqda kökündən yanılır və yaxşı bilir ki, onun həmin cəhdləri sadəcə boş-boş siyasi çərənləmələrdən başqa heç nə deyil. Yəni ayətullahlar rejiminə görə onlar ötən əsrin 70-80-ci illərinə aid köhnəlmiş və yararsız zirehli hərbi texnikaları, paslanmış helikopterləri və təyyarələri, hazırlıqsız canlı qüvvələri ilə Türkiyə və Azərbaycan kimi dövlətlərin ordularını “vahiməyə” salacaq və s. Amma nə baş verdi? Bu sualın cavabı da məhz hazırda sərhəd ərazilərində keçirilən yüksək səviyyəli birgə hərbi təlimlər vasitəsi ilə verilməkdədir.

Nə Bakı, nə də Ankara olanları sadəcə seyr etməklə kifayətlənməyəcəklər

Və bu gün sinələrinə döyən iranlı hərbi-siyasi dairələr uzaqgörmə cihazları ilə Arazın o tayında, yəni Azərbaycanın bu tərəfində həyata keçirilən hərbi təlimləri rahat şəkildə izləyə bilərlər və bir daha şahid olarlar ki, Azərbaycan və Türkiyə orduları nə qədər müasir, XXI əsrin tələblərinə cavab verən sonuncu nəsil müasir hərbi təchizatlara, texnikalara, silahlara - ən əsası isə ən yüksək döyüş ruhuna malik peşəkar hərbçilərə malikdirlər.

Əslində o da sirr deyil ki, artıq 3 aya yaxındır ki, İranın öz daxilində baş verən daxili qiyamlar, üsyanlar açıq-aşkar mövcud rejimi devirəcək qədər inqilab küləyini əsdirməyə başladıb. Bu gerçəklik isə mollakratiya rejimini həqiqətən də qorxutmağa başladıb.

Üstəlik, Bakı-Ankara tandeminin hərbi-siyasi reallığı da qarşı tərəfi təlaşlandırmaqdadır. İnanmaq istərdik ki, artıq Tehran özü-özünə hesabat verməyi də düşünür ki, Azərbaycanın ünvanına irəli sürülən təhdid dərhal Türkiyənin həmin məsələyə müdaxiləsi ilə nəticəsini tapacaq. Eləcə də Cənubi Azərbaycanda Milli Hökumət şüarları ilə küçələrə çıxan azərbaycanlı soydaşlarımıza, habelə türk azlıqlarına qarşı amansız repressiyalar davam edərsə nə Bakı, nə də Ankara olanları sadəcə seyr etməklə kifayətlənməyəcəklər.

2022-dən 2000-nə xatırlatma səyahəti

Yeri gəlmişkən, Tehran həm də onu da unutmamalıdır ki, sərhədlərdə keçirilən hərbi təlimlər ilk deyil. Buna qədər də İranla sərhəddə Azərbaycanın xüsusi təyinatlı qüvvələri, habelə diversiya-desant briqadaları İran İslam Respublikasının sərhədləri yaxınlığında hərbi təlimlər keçiriblər. Həmin təlimləri isə Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı missiyasının rəhbəri, general Bahatiyar Ersay da MN rəhbərliyi ilə birgə izləyib. Mövcud irimiqyaslı hərbi təlimlərə gəlincə isə artıq onu Türkiyənin müdafiə naziri Hülusi Akar, həmçinin Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi Yaşar Güler də izləyirlər.

Belə bir məqamda isə daha bir xatırlatmanı etmək yerinə düşərdi. 2000-ci ilin əvvəllərində İran tərəfi Xəzərin o zamankı mübahisəli, bu gün isə Azərbaycana məxsus neft-qaz yataqlarını ələ keçirmək üçün dəfələrlə ölkəmizin hava sərhədlərini pozub, hətta hava məkanlarımızın ən dərinliklərinə qədər qırıcılarını göndərib. İran açıq şəkildə Azərbaycanı təhdid edir, aqressiya nümayiş etdirirdi. Məhz onda F-5 qırıcı təyyarələrinə məxsus “Türkiyə qartalları” eskadriliyası Bakı səmalarında göründü və nəticədə İran təhdid, hədə dilindən konstruktiv dialoqa getməyə məcbur oldu. Bu baxımdan, Tehrandakı başıəmmaməli başbilənlər hazırda sərhədləri yaxınlığında aparılan irimiqyaslı hərbi təlimlərdən nəticə çıxarsınlar, necə ki, 2000-ci ildə bənzər nəticələri çıxarmağa məcbur olmuşdular. Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin “Qardaşlıq yumruqları” isə havadadır və hər an bizi istəməyən istənilən qüvvələrin başlarını əzmək üçün zərblə endirilə bilər.

Rövşən RƏSULOV

P.S. Arazın o tayı da, bu tayı da onsuz da bizimdir və bu danılmaz həqiqətdən də kimsənin şübhəsi olmasın!