"Danışıqları kənar müdaxilə və qəsdlərdən qorumağın başqa yolu yoxdur" - ZAHİD ORUC

6 Dekabr 2022 12:06 (UTC+04:00)

"Azərbaycanın qələbəsindən sonra Moskva, Brüssel, Soçi və Praqada aparılan danışıqlar göstərdi ki, vasitəçilərə sülh yox, Qafqazlarda hökmranlıq lazımdır”. SİA xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Zahid Oruc bildirib.

Zahid Oruc sözlərinə belə davam edib: "Ona görə də Ermənistanı İran, Rusiya, Fransa və Amerikanın əlindən almaq Şuşanı azad etmək qədər mühüm vəzifədir. Günün birində Co Baydenlə İbrahim Rəisi görüşüb Qarabağda vasitəçilikdən danışsalar təəccüblənməyin. Ukrayna torpaqlarının müdafiəsinə 93 milyard avro silah və maliyyə yardımı ayıran, Krımı qaytarmağı tələb edən NATO üzvlərinin Qarabağa müstəqillik çağırışı ərazi bütövlüyünə və hüquqa həqarətdir. Onlara baxanda Paşinyan dost ölkənin rəhbəri kimi görünür. Adam 4 ildir ki, keçmiş prezidentlərdən xalqımızın intiqamını alır və işğala görə utanır, üsyan edir ki, ikinci dövlət avantürası “ermənisiz Ermənistan” deməkdir. İrəvan parlamentində Azərbaycanla bağlı ədalətli və heç vaxt görünməmiş bəyanatlar səslənir.

Belə şəraitdə xaricdən siyasi hücumlara ən yaxşı cavab cənab İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın İrəvanda üçlü sülh görüşüdür. Danışıqları kənar müdaxilə və qəsdlərdən qorumağın başqa yolu yoxdur. Gedib Hindistandan raketlər alan dövləti inandırmalıyıq ki, sizi strateji silahlar yox, Azərbaycan və Türkiyənin qarantiyası xilas edə bilər”.

Ayşən Vəli