Ağdam rayonunda şəhid Hikmət Səfərovun xatirəsi anılıb

6 Dekabr 2022 12:01 (UTC+04:00)

Ağdam rayonunda 44 günlük vətən müharibəsinin şəhidi, baş leytenant Səfərov Hikmət İldırım oğlunun anım günü ilə bağlı tədbir keçirilib.

Tədbirdə Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, Ağdam rayon İcra Hakimiyyəti başçısının müavini Xəqani Nəzərov, rayon Təhsil şöbəsinin məsul əməkdaşları, partiya fəalları, şəhidimizin ailə üzvüləri, məktəblilər və rayon ictimayyətinin nümayəndələri iştirak etmişlər.

Tədbir iştirakçıları Ağdam rayon II Alıbəyli qəsəbə tam orta məktəbində şəhid Hikmət Səfərovun adına verilmiş sinif otağının açılış mərasimində iştirak etmişlər, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin əziz xatirələrinə dualar oxumuşlar və eyni zamanda, şəhidimizin ailə üzvlərinin problemləri ilə maraqlanmışlar.

Anım mərasimində qeyd olunub ki, Vətənimizin bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərimizin xatirəsi xalqımızın qəlbində daim yaşayacaq. Bildirilib ki, bu gün şəhid ailələri və qazilər dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olunublar.

Şəhidimizin ailə üzvləri də dövlətimiz tərəfindən onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti Cənab İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, şəhid Səfərov Hikmət İldırım oğlu Vətən müharibəsi zamanı Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Hikmət Səfərov ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Ağdamın azad olunmasına görə" medalları və "3-cü dərəcəli Rəşadət" ordeni ilə təltif edilmişdir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Zümrüd BAYRAMOVA