İşğalçılıq siyasəti torpaqlarımızın işğal altına düşməsinə səbəb olub - ŞƏRH

6 Dekabr 2022 11:48 (UTC+04:00)

Azərbaycan Respublikasının tərəqqisi yolunda başlıca maneə-Ermənistan Respublikasının ona qarşı ərazi iddiası səbəbindən yaranmış və genişmiqyaslı hərbi təcavüzlə nəticələnmışdi. 1988-ci ilin 20 fevral tarixində isə Dağlıq Qarabağ Muxtar Vilayətinin Vilayət Şurasının sessiyasında erməni nümayəndələrinin qəbul etdiyi "DQMV-nin Azərbaycan SSR-in tərkibindən Ermənistan SSR-in tərkibinə verilməsi barədə Azərbaycan SSR və Ermənistan SSR Ali Sovetlərinə müraciət haqqında" qərarı və 1989-cu il dekabrın 1-də Ermənistan SSR-in Ali Sovetinin indiyəcən ləğv edilməmiş "Ermənistan SSR və Dağlıq Qarabağın yenidən birləşdirilməsi haqqında" qətnaməsi qəbul edilmişdir. DQMV Vilayət Şurasının erməni nümayəndələri və Ermənistan SSR-in atdığı bu addımlar bütün qanun çərçivələrinin birmənalı və kobud şəkildə pozulması deməkdir və nə onların qəbul edilməsi zamanı mövcud olmuş SSRİ Konstitusiyası, nə də hər hansı beynəlxalq normaya uyğun gəlir. Bu qərarlar yalnız və yalnız erməni tərəfinin təcavüzü hüquqi baxımdan rəsmiləşdirmək cəhdləri kimi qiymətləndirilməlidir. Belə qanunsuz davranışa cavab olaraq, Azərbaycan Respublikası tamamilə əsaslandırılmış şəkildə öz suveren hüququndan istifadə edərək, 26 noyabr 1991-ci il tarixində "Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv etmək haqqında" qanun qəbul etmişdir.

1992-1994-cü illərdə daha da gərginləşən hazırkı Ermənistan-Azərbaycan münaqişəsi Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı genişmiqyaslı hərbi təcavüz formasını almışdır. Xocalı şəhərinin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş işğalı xüsusi qəddarlıqla seçilən faciə kimi XX əsrin bəşəriyyətə qarşı cinayətlərinin qara siyahısına daxil olmuşdur ki, orada qoca, qadın və uşaq da daxil olmaqla, 613 dinc sakin vəhşicəsinə qətlə yetirilmişdir.

Beləliklə, münaqişə nəticəsində təqribən bir milyon azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilmiş, təqribən 20 min nəfər həlak olmuş, 50 min yaralanmış, yaxud əlil olmuş, 5 min itkin düşmüş, Azərbaycanın Naxçıvan diyarı isə Ermənistan Respublikası tərəfindən tətbiq edilmiş blokadaya məruz qalmışdır.

1994-cü il mayın 12-dən Ermənistan-Azərbaycan münaqişəsinin tərəfləri arasında atəşkəs rejimi əldə olunsa da Ermənistan dəfələrlə atəşkəsi pozmuş, BMT-nin qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrə əməl etməmişdir.

Birbaşa hərbi təxribatlarla yanaşı, Ermənistan tərəfindən beynəlxalq hüquqi prinsiplərə zidd olaraq Azərbaycan Respublikasının işğal altındakı ərazilərinə çox sayda YPG, PKK terrorçularının, o cümlədən Beyrut limanında baş tutan partlayışlardan sonra minlərlə Livan ermənilərinin köçürülməsi münaqişəni daha da alovlandırdı. Situasiyanın gərginliyi 2020-ci ilin avqust ayının sonlarında Ermənistanın baş nazirinin həyat yoldaşı Anna Hakobyanın Azərbaycanın işğal altındakı ərazilərində qeyri-leqal olaraq təşkil olunmuş hərbi təlimdə iştirakını ictimailəşdirməsi ilə pik həddə çatdı.

Gərgin siyasi şəraitdə Azərbaycan tərəfinin müharibə ilə torpaqları geri qaytarmasından başqa yol qalmırdı. Vətən torpaqlarını işğaldan azad edən rəşadətli və müzəffər ordumuzun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində Ermənistan Respublikasının silahlı qüvvələri darmadağın edilərək, canlı qüvvə və texnika sarıdan böyük itkilər verərək geri çəkilməyə məcbur olmuşdu. Ali Baş Komandanın "Qarabağ Azərbaycandır!" şüarı altında birləşən xalqın qəhrəmanlığı dünyaya bizim birliyimizi, iradəmizi və əzmkarlığımızı nümayiş etdirmişdir. Vətən uğrunda şəhid olanlar əsla unudulmayacaq, çünki onlar özlərindən sonrakı nəsil üçün silinməz, unudulmaz dastan yazdılar.

Şəfiqə Yaqublu
Xəzər rayonu, 237 saylı tam orta məktəbin müəllimi