Ermənistan Şuşa Bəyannaməsini unutmamalıdır ŞƏRH

6 Dekabr 2022 10:55 (UTC+04:00)

Dekabrın 10-da Vətən müharibəsində qazandığımız böyük Qələbənin şərəfinə keçirilmiş Zəfər paradının ikinci ildönümüdür. 10 dekabr 2020-ci il tarixində Bakının Azadlıq Meydanında keçirilmiş, Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qəbul etdiyi Zəfər paradında 3000 Azərbaycan hərbçisi ilə bərabər türk hərbçiləri də iştirak edib. Bu parad hər birimizin yaddaşında əbədi qalacaq tarixi hadisə idi.Düşmənə sarsıdıcı zərbələr endirərək onu darmadağın edən qüdrətli Azərbaycan ordusu tərəfindən Şuşa şəhərinə sancılan şanlı üçrəngli bayrağımız Zəfər paradına gətirilmişdir. Yüksək hərbi potensiala və müasir maddi-texniki təchizata malik olan Azərbaycan ordusu Zəfər paradında dünya ictimaiyyətinə bir daha öz qüdrətini nümayiş etdirdi. Zəfər paradında ordumuzun hərbi arsenalındakı silah və texnikalarla bərabər, düşmən Ermənistanın hərbi qənimət olaraq ələ keçirilmiş texnikaları da nümayiş etdirildi. Bir vaxtlar Ermənistanın rəhbərliyi tərəfindən verilən açıqlamalarda “erməni tankları Bakı küçələrində peyda olacaq” fikirləri öz reallığına qovuşdu. Ancaq bu reallıq düşmən tanklarının hərbi qənimət olaraq Azadlıq meydanında nümayişi ilə baş tutdu.Vətən müharibəsində Azərbaycanın qəhrəman oğulları - əsgərlər və zabitlər böyük qəhrəmanlıq dastanı yazaraq öz canları bahasına torpaqlarımızı düşmən tapdağından azad etdi. Sıravi əsgərdən tutmuş ən ali rütbəli hərbçiyə qədər hər bir döyüşçü tarixi ədalətin zəfər çalması üçün çalışırdı. 1 nəfər belə fərarisi olmayan Azərbaycan Ordusunun hospitallarda müalicə alan yaralı əsgər və zabitləri, bu halda belə döyüşə qayıdıb Vətən uğrunda vuruşmağa can atırdılar. Lakin Ermənistan ordusunda tamam fərqli mənzərə idi. Rəsmi rəqəmlərə əsasən müharibə zamanı düşmən ordusunda fərarilərin sayı 10 mindən çox olmuşdur. Qəhrəman Azərbaycan ordusu müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında düşmənin başını dəmir yumruqla əzərək, onun illərlə formalaşdırmış olduğu “məğlubedilməz ordu” mifini darmadağın etdi. Düşmən sağalmaz zərbələr aldı. Döyüşlərdə vuruşaraq öz canını Vətən uğrunda fəda vermiş oğullarımız ən yüksək ali diqqətə layiq görülərək təsis olunmuş müxtəlif orden və medallarda təltif olundular. Əldə olunmuş böyük Qələbəni daim yaşatmaq və onu gənc nəsillərə ötürmək üçün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin təşəbbüsü ilə Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında Sərəncam imzalandı, o cümlədən Hərbi Qənimətlər Parkı salındı. Vətən müharibəsində düşməndən qənimət olaraq ələ keçirilmiş hərbi texnikaların, silahların, həmçinin düşmənin döyüş bölgəsindən uzaq ərazilərimizə atdığı “İsgəndər-M” raketinin qalıqları da burada sərgilənir.

Xüsusilə qeyd etmək lazımdır ki, Vətən müharibəsində Azərbaycan xalqı böyük birlik nümayiş etdirərək bir yumruq şəklində Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bu Qələbənin əldə olunmasına nail oldu. Müharibə zamanı müstəqillik tariximizdə ilk dəfə olaraq ölkəmizdə fəaliyyət göstərən siyasi partiyalar birgə dəstək bəyanatları imzalayaraq ölkə Prezidenti, Ali Baş Komandana öz dəstəklərini ifadə etdilər. Bu isə öz növbəsində ölkəmizdə aparılan siyasi dialoqun məntiqi nəticəsi idi. Əllbətdəki Azərbaycan 44 günlük Vətən müharibəsində böyük Qələbənin əldə olunması üçün dayanmadan, gecə-gündüz çalışdı. İlk növbədə ölkəmizdə siyasi, hüquqi baza formalaşdırıldı və güclü iqtisadiyyat quruldu. Ordunun döyüş qabiliyyətinin artırılması və möhkəmləndirilməsi üçün büdcə vəsaitlərinin böyük hissəsi hərbi xərclərə yönləndirildi. Beynəlxalq səviyyədə ölkəmizin nüfuzu artırıldı və bizim mövqeyimizi dəstəkləyən bir sıra mühüm qərarlar və qətnamələr qəbul olundu. Bir daha qeyd etmək lazımdır ki, Azərbaycan və Türkiyə 15 iyun 2021-ci il tairixində Şuşa Bəyannaməsi ilə öz hərbi müttəfiqliklərini rəsmiləşdiriblər. Ermənistana hərbi yardım vəd edən ölkələr bu məqama xüsusi diqqət yetirməlidirlər.

Fəsli Nəbiyev

YAP Gənclər Birliyinin sədr müavini