“Beli sıyrılmış" rus təyyarələri

6 Dekabr 2022 10:46 (UTC+04:00)

Bu gün səhər Ukraynaya məxsus pilotsuz təyyarə Kursk vilayətində yerləşən aerodroma hücum edib. Əyalətdəki neft anbarı isə yandırılıb və hələ də yanmaqda davam edir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə bu gün səhər saatlarında Kursk vilayətinin qubernatoru Roman Starovoit məlumat verib.

Onun dediyinə görə, hələ ki, ölən yoxdur, amma ehtimal var.

Qeyd edək ki, Kursk vilayətində yerləşən “Kursk-Vostoçnı” hava limanı əvvəllər həm hərbi, həm də mülki şəxslər tərəfindən istifadə edilən birgə əsaslı aerodrom olub. Olub, ona görə ki, artıq fevralın 24-dən bu aerodrom sərnişin reyslərini qəbul etmir.

Xatırladaq ki, ötən gün yenə də Ukraynaya məxsus pilotsuz təyyarə təyyarələr Ryazan vilayətindəki “Dyagilevo” və Saratov vilayətindəki “Engels” aerodromlarına hücum edib. Maraqlıdır ki, Rusiya Federasiyasının Müdafiə Nazirliyi bu hücum barədə yalnız axşam saatlarında məlumat yayıb. Nazirliyin məlumatına görə, 3 rus əsgəri ölüb və daha 4-ü isə yaralanıb.

Hücumun Ukraynadan edildiyini bildirən hərbi idarənin rəsmi nümayəndəsi İqor Konaşenkov, bu hücumun məqsədini də deyib: “Rusiyanın uzaqmənzilli təyyarələrini sıradan çıxarmaq”.

Qeyd edək ki, Konaşenkovun bədbin görünüş və danışığından ukraynalıların buna nail ola bildikləri açıq sezilir. Amma Konaşenkov bu insidentlər nəticəsində elə də bir şey olmadığını, sadəcə olaraq bir neçə təyyarənin “belinin sıyrıldığını” deyib.

Yeri gəlmişkən, həmin gün Rusiya aviasiyası yenidən Ukraynadakı hədəflərə zərbələr endirmişdi və hətta həmən bu Konaşenkov Ukrayna tərəfdə xeyli ölü olduğunu da bildirmişdi.

Ağasəf Babayev