Türkmən müəllimlər "yetim saxlayacaqlar"?

5 Dekabr 2022 18:38 (UTC+04:00)

Türkmənistanda dilənçi uşaqları təmin etmək üçün müəllimlərin maaşlarının bir hissəsi tutulacaq.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Türkmənbaşı şəhərinin administrasiyasında regional təhsil idarələrinin iştirakı ilə keçirilən müşavirədə bildirilib.

İclasda bildirilib ki, valideynlər uşaqlara qayğı göstərə bilmirsə, buna görə məsuliyyəti sinif rəhbərləri, yəni məktəb müəllimləri daşıyacaq. Maraqlıdır ki, bununla bağlı yerli müəllimlərin məvacibindən 200 manat tutulacaq.

Verilən məlumatlara görə, belə tədbirlər Türkmənbaşı şəhərində insanların sıx olduğu yerlərdə və Kənar bazarında dilənçiliklə məşğul olan uşaqların sayının artması ilə əlaqədar həyata keçirilir.

Vilayətin internat məktəblərində yer olmadığı üçün uşaqları ora təyin etmək mümkün deyil. Səlahiyyətlilər uşaqlar arasında dilənçiliyin qarşısını almaqdan, heç olmasa müəllimlərin hesabına onların sayını azaltmaqdan başqa bir çarə tapmırlar.

Maraqlıdır ki, belə ödənişlərdən imtina edən müəllimlər məmurlar tərəfindən yoxlamalar və ya işdən çıxarılma ilə üzləşə bilərlər. Hədələmələrsə, təbii ki, öz yerində. Qeyd edək ki, göstəriş yuxarıdan gəlib: “hər məktəb beş-on uşağın təminatını və qayğısını öz üzərinə götürməlidir”.

Yeri gəlmişkən, Türkmənistandan gələn xəbərlərə görə, bu ölkədə müəllimlər dərs ili ərzində onların fəaliyyəti ilə heç bir əlaqəsi olmayan müxtəlif xərcləri, o cümlədən şitil almaq, pambıq sahələrini alaqdan təmizləmək, pambıq yığmaq, ipək qurdlarına qulluq etmək və sinif otaqlarını təmir etmək üçün pul ayırmağa məcbur edilirlər.

Ağasəf Babayev