Blinken Çində keçirilən etiraz aksiyalarına dəstəyini bildirib

5 Dekabr 2022 18:08 (UTC+04:00)

ABŞ dövlət katibi Entoni Blinken Çində yeni növ koronavirus (Covid-19) tədbirlərinə qarşı etirazları dəstəklədiklərini və gələn il Çinə səfəri zamanı bu məsələni gündəmə gətirəcəyini bildirib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Blinken CNN telekanalında Jake Tapperin aparıcılığı ilə yayımlanan "State of Union" proqramında sualları cavablandırıb.

Tapperin ABŞ-ın Çindəki "Covid-19" etirazlarına dəstək olub-olmaması sualına Blinken "Əlbəttə ki, dəstəkləyirik" cavabını verib.

Blinken "İstər Çində, istər İranda, istərsə də dünyanın istənilən yerində insan hüquqlarını, sülh məqsədli etiraz və ifadə hüququnu müdafiə edirik” deyib.

Gələn ilin əvvəlində Çinə səfər edəcəyini xatırladan Blinken səfəri zamanı bu məsələni də gündəmə gətirəcəyini bildirib.

Qeyd edək ki, payızdan bəri Çində "Omicron" variantının yoluxmasının artması səbəbindən hökumət sıfır yoluxma tədbirləri çərçivəsində yoluxmanın təsirli olduğu bölgələrdə karantin, səyahət məhdudiyyətləri, kütləvi testlər, məhdudiyyətlər və ya istehsal, ticarət və xidmətlər sahəsində müəssisələrin fəaliyyətlərinin məhdud edilməsi və ya müəyyən müddətdə qapalı işləmə kimi sərt və gəniş dairəli tədbirlər görüb.

Sərt tədbirlərə reaksiya verən xalq ölkənin müxtəlif yerlərində hökumətə etiraz edib.