"Hazırda ölkəmizdə qış sezonu davam etməkdədir və qış sezonu turistlər üçün fərqli bir ab-hava yaradır". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Turizm Agentlikləri Assosiasiyanın İdarə heyətinin sədr müavini Əhməd Qurbanov deyib.
Onun sözlərinə görə, qış sezonunda dağ-xizək turizmi insanların diqqətini çəkir: "Ölkəmizdə istirahət edən turistlər qış sezonunda daha çox Quba, Qusar, Xaçmaz bölgəsinə, Qəbələyə səfər edirlər. Müşahidələr nəticəsində deyə bilərik ki, bu il ölkəmizə axın edən turistlər də çoxdur. Hazırda qış sezonu paketləri insanlar tərəfindən alınır. Otellərin doluluq səviyyəsi də onu deməyə əsas verir ki, qış sezonu üçün istər yerli, istərsə də xarici turistlərin axını başlayıb. Yeni il ərəfəsində insanlar regionlarımıza səfər etməyə üstünlük verirlər. Bununla yanaşı, vətəndaşlarımız xarici ölkələrə səfər edirlər. Daha çox Misirə, Dubaya, Monteneqroya, Türkiyəyə, Avropanın bəzi ölkələrinə də səfərlər müşahidə olunur. İnsanlar da bu cür tur paketlərinin alınmasına da maraqlıdırlar. Ölkəmizdə hər il olduğu kimi bu il də Yeni illə bağlı müftəlif tədbirlər planı nəzərdə tutulub. Yeni ilin həm paytaxtda, həm də regionlarda yüksək səviyyədə keçirilməsi üçün hazırlıqlar görülür".