5 dekabr "Beynəlxalq Könüllülər Günü" barədə - KÖNÜLLÜLƏR DANIŞDI

5 Dekabr 2022 16:13 (UTC+04:00)

5 dekabr “Beynəlxalq Könüllülər Günü” kimi qeyd olunması barədə qətnamə qəbul edib. Könüllülük öz iradəsi və sərbəst seçimi əsasında heç bir maddi qazanca əsaslanmayan və cəmiyyətin rifahının daha da yaxşılaşdırılmasını qarşıya məqsəd qoyan sosial fəaliyyət istiqamətidir. XX əsrin ikinci yarısından etibarən könüllülük, həmrəylik, sosial məsuliyyət kimi ali dəyərlər sistemləşdirilərək dünyada kütləvi sosial fəaliyyətə çevrilib. Sevindirici haldır ki, son illər könüllülüyün sürətlə inkişaf etdiyi Azərbaycan könüllülük fəaliyyətinin təbliğində və inkişafında özünəməxsus rol oynayır. Azərbaycanın müstəqilliyin bərpasından sonra qazandığı uğurlarda, şübhəsiz ki, könüllü gənclərin də payı var. Mövzu ilə əlaqədar olaraq SİA könüllülər arasında sorğu keçirib.

ASAN könüllüsü Ləman Hüseynova: “Mən 2 ay müddətində “ASAN xidmət”-də könüllü olmuşam. Könüllü fəaliyyətimə 2021-ci ildə başlamışam. Təbii ki, könüllü fəaliyyəti insan çox şey öyrədir. Mən “ASAN xidmət” könüllü olduğum zamanlarda müxtəlif növ insanlarla ciddi ortamlarda iş təcrübəsi qazandım. Bunun nəticəsi olaraq düşünürəm ki, məhz bu cür könüllü proqramları insanın sosiallaşmasına şərait yaradır”.

ASAN könüllüsü Sara Məmmədov: “3 saylı “ASAN Xidmət” mərkəzində 2 ay ərzində könüllü kimi fəaliyyət göstərmişəm. Könüllü proqramının müddəti bitsə belə hazırda yenə də ASAN xidmətdə təşkil olunan tədbirlərdə iştirak edirəm. Mənə könüllülük çox şey qazandırdı. Ən əsası gözəl dostlar və insanlarla tanış oldum”.

ASAN könüllüsü Mehparə Məmmədova: “ASAN xidmət”-də 2020-ci illərdə könüllü fəaliyyətim olub. Hazırda isə “Birkönüllü” proqramında fəaliyyət göstərirəm. Təbii ki, hər bir gəncə könüllü olmaq bir çox şeylər qazandırdığı kimi mənə də xüsusi təsirləri olub. Hər bir gənc bu kimi layihələr sayəsində özünü inkişaf etdirərək, təcrübə qazanır”.

DOST Mərkəzinin könüllüsü Asya Quliyeva: “DOST Agentliyində 2 ay müddətində könüllü olmuşam. Könüllülük mənə iş təcrübəsi qazandırıb və ən əsası işimdə məsulliyətli olmağı və vətəndaşlara necə xidmət göstərilməli olduğunu öyrədib. Könüllülük müddəti ərzində yeni dostlar qazanmışam, çalışdığım qədər kitablar oxumuşam. Əhalinin xüsusi həssas təbəqəsi ilə işləmək bacarığını əldə etmişəm. Könüllü olmağa qrup yoldaşlarımdan ilhamlanıb qatılmışam. Hal-hazırda isə könüllü deyiləm”.

ASAN könüllüsü Təhminə Səfərova: “2021-ci ildə “ASAN Xidmət”-də 2 aylıq könüllü fəaliyyətim olub. Könüllü proqramının müddəti bitsə də, mən həmin vaxtı uzadıb 4 ay müddətdində orada çalışmışam. Fikrimcə, həmin zamanlarda mən çox şey öyrənmişəm. Müxtəlif insanları tanıyaraq, iş və həyat təcrübəmi artırmışam. Hər bir gəncə könüllü layihələrindən istifadə etməyi tövsiyyə edirəm”.

ASAN könüllüsü Nigar Əlizadə: “Mən hər zaman “ASAN xidmət”-də könüllü olmaq istəmişəm. Məhz bunun üçün 2021-ci ildə 1 saylı “ASAN xidmət” mərkəzində könüllü fəaliyyətinə başlamışam. Könüllü fəaliyyətim mənə məsuliiyəti olmağı, özünü özgüvənli hiss etməyi, kollektivlə işləmək bacarığını aşıladı”.

DOST Mərkəzinin könüllüsü Arifə Hüseynzadə: “Mən 2 ay ərzində DOST mərkəzində könüllü kimi fəaliyyət göstərmişəm. Könüllü olaraq fəalliyyətə başlamaqda əsas məqsədim boş vaxtımı düzgün şəkildə dəyərləndirmək idi. Hazırda isə könüllü kimi çalışmıram”.

ASAN könüllüsü Aynur Turabzadə: “Asan xidmət”-də və “Telepatiya” layihəsində 2020-ci illərdə könüllü kimi fəaliyyət göstərmişəm. “Asan” xidmətdə 4 ay, “Telepatiyada” isə 5 ay könüllü kimi çalımışam. Könüllü olmaq mənim dünya görüşümü dəyişdirərək, yeni insanlar tanımağıma səbəb olub.

AFFA könüllüsü Gülnar Məmmədli: “İlk dəfə könüllü fəaliyyətimə 1-ci kursda oxuyarkən 1 saylı “ASAN” xidmət mərkəzində başlamışam. Daha sonra isə yeni insanlarla tanış oldum və onlardan aldığım məlumatlar əsasında digər könüllü fəaliyyəti olan təşkilatlara müraciət etdim . Könüllü fəaliyyəti gənclərə bir çox şey qazandırır. Gənclər sırf belə könüllü proqramları sayəsində sosiallaşaraq, dünya görüşlərinin artmasına yardımçı olur. Hazırda isə 4-cü kurs tələbəsiyəm bir çox təşkilat tərəfindən tanınıram və sevilirəm hər ictimai birlikdə və təşkilatda tanıdışlarım var . Hər sahə üzrə özümə çoxlu təcrübələr qatmışam . Mən könüllü proqramlarını dəstəkləyirəm və həmişə də təmənnasız köməyə hazıram. “ASAN xidmət”-də, Dost mərkəzində, “Atəşgah” sığortada, “Müəllimlərin işə qəbulu” prosesində, “Marafon 2022”, “ Azərbaycan Skautlar Assosiasiyasın”-da, “Azərbaycan Futbol Federasiyaları Assosiasiyasın”-da, “Yayfest” festivalında eyni “Wonderland Tovuz” və Göygöldə keçirilən “Gənclər” düşərgəsində olmuşam. “Cudo uzrə Baku Grand Slam 2022”,Güləş üzrə Azərbaycan çempionatında, ölkədə keçirilən gimnastika yarışlarında, Nərimanov Rayon İcra hakimiyyətində də könüllü kimi fəaliyyət göstərmişəm".

Könüllü Zərintac Məmmədova: “Könüllü vətənin aktiv, faydalı gənci olmaq deməkdir. Dünya görüşümün, təcrübəmin artmasında və insanlarla ünsiyyət qurmağımda bu fəaliyyət mənə çox şey qatır. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsindən bu il məzun oldum, tələbəlik illərimdən bu günə qədər müxtəlif qurumlarda könüllüyyəm. Həm işləyirəm, həm bununla məşğulam. Beləliklə, enerjili, bol informasiyalı insana çevrilirəm. Hər zaman öyrənməyə, təcrübəyə ehtiyacımız var. Həm ixtisasımla bağlı, həm də digər sosial yönümlü layihələrdə könüllülük fəaliyyəti göstərirəm”.