"DOST İş Mərkəzinin 51 mindən çox vətəndaşla aktiv əmək müqaviləsi var" - QURUM RƏSMİSİ AÇIQLADI

5 Dekabr 2022 12:02 (UTC+04:00)

"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyindəki DOST İş Mərkəzinin hazırda 51 mindən çox vətəndaşla aktiv əmək müqaviləsi var". Bu sözləri SİA-nın sorğusuna cavab olaraq DOST İş Mərkəzinin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Rüfət Seyidov bilirib.

Qurum rəsmisinin sözlərinə görə, onların 59 faizi kişi, 41 faizi qadındır: "DOST İş Mərkəzi tərəfindən sosialyönümlü işlərlə təmin olunan vətəndaşlar arasında fiziki məhdudiyyətli 4 minə yaxın şəxs var. Biz ilk növbədə əlillərin, şəhid ailəsi üzvlərinin və veteranların işlə təmin olunmasında maraqlıyıq. Hazırda 2200-dən çox veteran və 1000-ə yaxın şəhid ailəsinin üzvü ilə aktiv əmək müqaviləmiz var. Onlar müxtəlif sferalarda çalışır. Böyük əksəriyyət regionlarda fəaliyyət göstərir. Hazırda çalışan işçilərin 15 mindən çoxu 18-35 yaş aralığındadır. 36 minə qədəri isə 35 yaşdan yuxarı vətəndaşlardır”.

DOST İş Mərkəzi işğaldan azad olunmuş ərazilərdə də vətəndaşların işlə təmin olunması prosesini reallaşdırır. Bu məqsədlə Zəngilanın Ağalı kəndinin bir qrup sakini işlə təmin edilib və proses davam etdiriləcək.

“Vətəndaşların öz doğma yurd-yuvalarına qayıtması prosesi getdikcə, yeni iş yerləri yaranacaq ki, bu da bizə Qarabağ iqtisadi zonasında soydaşlarımızın sosialyönümlü işlərlə təmin olunmasını reallaşdırmağa imkan verəcək”.