Beynəlxalq nəqliyyat dəhlizlərinin reallaşmasında Azərbaycanın əhəmiyyətli rolu

5 Dekabr 2022 10:51 (UTC+04:00)

Beynəlxalq aləmdəki mövcud vəziyyət, sosial, iqtisadi və siyasi əlaqələrin getdikcə artan mürəkkəbliyi, proseslərin durmadan dinamik sürəti XXI əsrdə dünya birliyinin yeni inkişaf mərhələsinə keçdiyini göstərir. Yeni cəmiyyət də yeni texnologiyalar və inkişaf modelləri nəzərdə tutur. Bütün bu proseslərdə danılmaz bir amil var, bu da milli siyasi lider faktorudur. Lider öz ağlı, iradəsi, qərar qəbul etmək səriştəsi, insanlara doğru yolu göstərmək bacarığı ilə xalqı vahid amal uğrunda səfərbər edən, arxasınca apara bilən şəxsdir. Bu mənada Azərbaycan öz Lideri ilə fəxr edir və bunun üçün bütün əsaslar var. Prezident İlham Əliyevin rəhbərliyi dövründə və aparılan sosial, kadr, struktur islahatları hər bir vətəndaşın rifahına, ölkəmizin daha da güclənməsinə, sistemli idarə olunmasına xidmət etmişdir.

Ölkəmiz regionda nadir geosiyasi mövqeyə malik ölkədir. Nəticədə, bu gün Azərbaycan geosiyasi proseslərdə və irimiqyaslı iqtisadi layihələrdə, ilk növbədə, milli maraqlarını nəzərə alaraq iştirak edir, yeni sosial-iqtisadi əməkdaşlıq əlaqələrinin də formalaşmasına təkan verir. Bundan başqa, Azərbaycan əsas geosiyasi oyunçularla bərabərhüquqlu tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsində maraqlı olan ölkədir və bu məsələdə böyük uğurlar da əldə etmişdir.

Heç kimə sirr deyil ki, hazırda Azərbaycan təkcə Qafqaza deyil, həm də Yaxın və Orta Şərq, həmçinin Şərqi Avropa regionuna təsir edən ciddi bir amilə də çevrilmişdir. Qarışıq geosiyasi və geoiqtisadi reallıqlar fonunda Azərbaycan milli maraqlarını qorumaqla yanaşı, qarşıdurmaya yox, əməkdaşlığa təkan verəcək istənilən addımı dəstəkləməklə və təşviq etməklə fərqlənir.

Məlumdur ki, son illər ölkəmizdə müasir standartlara cavab verən nəqliyyat infrastrukturu yaradılmışdır. Ölkəmizdə təmin edilmiş möhkəm əsaslı sabitlik və təhlükəsizlik mühiti, həmçinin həyata keçirilən müstəqil iqtisadi siyasət region, eləcə də dünyanın bir çox ölkələrində Azərbaycanın tranzit-nəqliyyat imkanlarından istifadə etmək maraqları yaradır. Belə olan halda Orta Dəhliz layihəsi öz aktuallığı ilə seçilir. Layihənin tam gücü ilə istismara verilməsi üçün region ölkələri də təhlükəsizlik məsələlərində öz üzərinə düşən vəzifələri yerinə yetirməlidirlər.

Noyabrın 25-də Bakıda, ADA Universiteti və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı eləcə də Prezident İlham Əliyevin iştirakı ilə keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans keçirilmişdir. ADA Universitetində keçirilmiş konfransda zamanı Prezident cənab İlham Əliyev Orta Dəhliz layihəsi haqqında danışarkən təhlükəsizlik və iqtisadi potensial amillərinin önəmini xüsusilə qeyd etdi. Ölkə başçısı bildirdi ki, Azərbaycan nəqliyyat infrastrukturunun inkişafına uzun illər ərzində sərmayə yatırır. Ölkəmizdə avtomobil və dəmir yolu, dəniz ticarəti infrastrukturu tamamilə yenidən qurulmuş, hava limanları layihələrinin tamamlanması istiqamətində ciddi işlər aparılır. İşğaldan azad edilmiş ərazilərdə də həmçinin müasir nəqliyyat infrastrukturu yaradılır. Qarabağ və Şərqi Zəngəzurda üç hava limanı fəaliyyət göstərəcək və ölkəmizdə beynəlxalq hava limanlarının sayı doqquza çatacaq. İşğaldan azad edilmiş ərazilərdə yaradılan nəqliyyat infrastrukturu ölkəmizin bu sahədə olan imkanlarını daha da genişləndirəcəkdir.

Ölkə başçısı Zəngəzur dəhlizinin əhəmiyyətindən də danışdı. Ali Baş Komandan İlham Əliyev çıxışı zamanı regionun nəqliyyat-infrastruktur layihələrinə nə İranın, nə də Ermənistanın əngəl törədə biləcəyini bildirdi. Zəngəzur dəhlizi heç bir ölkəyə qarşı deyil. Odur ki, həm İran, həm də Ermənistan bu layihədə maraqlı olmalıdır. Bir halda ki, Ermənistan dalana dirənmiş ölkədir və heç bir nəqliyyat şəbəkəsinə malik deyil. Bu səbəbdən də Azərbaycan faktiki olaraq Zəngəzur dəhlizi ilə bağlı müzakirələri Ermənistanla deyil, Rusiya ilə aparır. Prezident cənab İlham Əliyev dünyada yaşanan geosiyasi vəziyyətin də Zəngəzur dəhlizinin önəmini artırdığını diqqətə çatdırdı.

Məmləkət Qaraçobanova

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı​​​