Portuqaliya və İsveçrə 1/4 final uğrunda mübarizə aparacaq

5 Dekabr 2022 10:10 (UTC+04:00)

Qətərin ev sahibliyi etdiyi 2022-ci il futbol üzrə dünya çempionatının son 16 turunda bu gün Portuqaliya və İsveçrə milliləri üz-üzə gələcək. Lusail stadionunda oynanılacaq və saat 23:00-da başlayacaq oyun meksikalı hakim Sezar Arturo Ramos Palazuelos fit çalacaq.

SİA-nın verdiyi məlumata görə, Portuqaliya ilə İsveçrə arasında keçiriləcək görüşdə qalib gələn komanda 1/4 finalda Mərakeş-İspaniya matçının qalibi ilə qarşılaşacaq.

Dünya çempionatında Cənubi Koreya, Uruqvay və Qana ilə H qrupunda yer alan Portuqaliya 3 oyunda 2 qələbə, 1 məğlubiyyətlə 6 xal toplayıb və qrup lideri olub. İsveçrə G qrupunda Braziliya, Kamerun və Serbiya ilə mübarizə aparıb. Avropa təmsilçisi 6 xal toplayıb və eyni xala malik Braziliyadan geri qalaraq qrup ikincisi olub və 1/8 finala yüksəlmişdi.

Portuqaliya və İsveçrə ilk dəfə dünya çempionatında üz-üzə gələcək.