Rusiya və Belarus ordusu “vahid ordu kimi” hazırlaşır

3 Dekabr 2022 22:08 (UTC+04:00)

Xəbər verdiyimiz kimi, Rusiyanın müdafiə naziri Sergey Şoyqu şənbə günü Minskə səfər edib. Qeyd edək ki, onun Belarusa səfəri barədə əvvəlcədən məlumat verilməyib. Onu da qeyd edək ki, ərazisi Rusiya ordusunun Ukraynaya hücumu üçün istifadə etdiyi ölkədə hələ də rus hərbçiləri yerləşib, son vaxtlarsa onların sayı artırılıb.

SİA-nın bir müddət əvvəl xəbər verdiyi kimi, Şoyqu və Belarusun müdafiə naziri Viktor Xrenin regional təhlükəsizliyin birgə təmin edilməsinə dair sazişə düzəlişlər haqqında protokol imzalayıblar. Amma dəyişikliklərin mahiyyəti barədə hələ ki, məlumat verilmir.

Daha sonra rusiyalı nazir Belarus lideri Aleksandr Lukaşenko ilə görüşüb. Şoyqu ilə görüşdə o, hazırda Belarus ərazisində rusiyalı hərbçilərin hazırlandığını bildirib.

“Həm bizim zabitlər, həm də sizin zabitlər uşaqlara təlim keçir. Yəni həm belaruslar, həm də ruslar təlim keçirlər” – deyən Belarus liderinin sözlərinə görə, Rusiya və Belarus hərbçiləri “vahid qrup, vahid ordu kimi” hazırlanır.

Qeyd edək ki, Lukaşenko təlimin məqsədini “İttifaq dövlətinin müdafiəsi” adlandırıb.

Bu arada Belarus lideri Qərb ölkələrini də tənqid edərək, onları Ukraynadakı müharibəni uzatmaqda ittiham edib.

Lukaşenkonun sözlərinə görə, Belarus və Rusiya “müharibə istəmirdilər və indi də istəmirlər”.

Buna baxmayaraq Lukaşenko belarusların açıq, real razılaşma əsasında etməli olduqları hər şeyi edəcəklərini deyib.

Amma maraqlıdır ki, Belarus lideri son sözləri ilə nə demək istədiyini açıqlamayıb.

Ağasəf Babayev