Rusiya və Belarus hərbi təhlükəsizliklə bağlı sazişə dəyişiklik edib

3 Dekabr 2022 21:49 (UTC+04:00)

Rusiya və Belarus Müdafiə nazirliklərinin rəhbərləri hərbi sahədə regional təhlükəsizliyin birgə təmin edilməsi haqqında sazişə dəyişiklik edilməsinə dair ölkələr arasında protokol imzalayıblar.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə,bu barədə Belarus nazirliyinin mətbuat xidməti xəbər verir.

Verilən xəbərə görə, Rusiyanın müdafiə naziri Sergey Şoyqu həmkarı, general-leytenant Viktor Xrenin ilə görüşündə, ölkələr arasında etibarlı tərəfdaşlığın bu gün kollektiv Qərbin görünməmiş təzyiqləri və elan olunmamış müharibəsi şəraitində xüsusilə vacib olduğunu deyib.

Şoyqu həmçinin xatırladıb ki, hazırda Belarusda regional qüvvələrə həvalə edilmiş “Rusiya və Belarus birləşmələri və hərbi hissələrinin döyüş koordinasiyası üzrə fəaliyyətlər” keçirilir.

Qeyd edək ki, Rusiya və Belarus arasında 1997-ci ildə bağlanmış və 1999-cu ildə qüvvəyə minmiş hərbi sahədə regional təhlükəsizliyin birgə təmin edilməsi haqqında sazişə hansı dəyişikliklərin edildiyi barədə məlumat verilmir.

Ağasəf Babayev