İsveç PKK üzvünü Türkiyəyə ekstradisiya edib

3 Dekabr 2022 20:39 (UTC+04:00)

İsveç Ankaranın terror təşkilatı hesab etdiyi Kürdüstan Fəhlə Partiyasına üzv olmaqda təqsirli bilinən ilk şəxsi Türkiyəyə ekstradisiya edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri Türkiyənin NTV telekanalı yayıb.

Xatırladaq ki, Türkiyədə 6 il 10 ay həbs cəzası alan Mahmut Tat 2015-ci ildə İsveçdən sığınacaq üçün müraciət etsə də, rədd cavabı alıb. Cümə günü Tat İstanbula aparılıb, daha sonra tibbi müayinə və saxlanmaq üçün hava limanından polis bölməsinə aparılıb.

Qeyd edək ki, iyunun sonunda Türkiyə, İsveç və Finlandiya NATO-ya daxil olma prosesini açacaq təhlükəsizlik sazişi bağlayıblar.

Türkiyə prezident administrasiyasının bəyan etdiyinə görə, İsveç və Finlandiya Ankaranın terrorçu hesab etdiyi Kürdüstan Fəhlə Partiyasına və digər birləşmələrə dəstək verməmək barədə öhdəlik götürüblər.

Ağasəf Babayev