İtaliya Rusiya qazının idxalını 99 faiz azaldıb

3 Dekabr 2022 19:27 (UTC+04:00)

İtaliyada oktyabrda Rusiya qazının idxalını 99% azaltdıqlarını bildirdilər.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə xəbəri İtaliya mətbuatı yayıb.

Belə ki, mətbuatın hesablamalarına görə, bu ilin oktyabrda italyanlar 31 milyon kubmetr rus qazı idxal ediblər. Halbuki, bu rəqəm bir il əvvəl, yəni 2021-ci ilin oktyabrında 2,29 milyard kubmetr olmuşdu.

Etiraf edilməlidir ki, oktyabrda mülayim hava şəraitinin hökm sürdüyü, bundan başqa, elektrik enerjisindən daha qənaətlə istifadə qaydaları da işə salındığı vurğulanır. Nəticədə İtaliya bir il əvvəllə müqayisədə təxminən 1,35 milyard kubmetr az qaz istehlak edib.

Qeyd edək ki, 10 ay ərzində İtaliyanın bütün idxalı 60,8 milyard kubmetr təşkil edib. Bunun da ən çoxu Əlcəzairin payına düşüb - 19,3 milyard kubmetr.

İtaliya hakimiyyəti artıq Rusiya qazından asılılığını yarıbayarı azaltdıqlarını və 2024-cü ilin ortalarına qədər Rusiya qazından tamamilə imtina etmək niyyətində olduqlarını bildirib.

Bundan əvvəl Avropada külək turbinlərindən elektrik enerjisi istehsalının iki dəfə azaldığı bildirilirdi. Bu səbəbdən qazın spot qiymətləri və yeraltı anbarlardan yanacağın çıxarılması artıb.

Ağasəf Babayev