Medvedev Rusiya neftinin qiymət tavanını şərh edib

3 Dekabr 2022 17:44 (UTC+04:00)

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev özünün Telegram kanalında Qərb ölkələrinin Rusiya neftinə qiymət tavanı tətbiq etmək qərarını, həmişə olduğu kimi,..bu dəfə də istehza ilə şərh edib.

Xatırladaq ki, bir müddət bundan əvvəl Avstraliya və G7 dövlətlərinin nümayəndələri Rusiyanın qara qızılının qiymətinin bir barel üçün 60 dollar səviyyəsində müəyyən edilməsi barədə qərar qəbul ediblər.

Maraqlıdır ki, Medvedev öz kanalında Stenli Kubrikin “The Shining” (“Parıldamaq”) filmindən kadr yerləşdirib. Şəkildə baş qəhrəmanın bərkimiş cəsədi göstərilir. Qarla örtülmüş Cek Nikolsonun şəkli soyuq hava haqqında xatirələr üçün şablona çevrilib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Medvedev kadrı guya Qərb liderlərinin adından qısa izahatla müşayiət edib: “Nəhayət, biz Rusiya neftinin qiymətini məhdudlaşdırmaq qərarına gəldik”.

Yeri gəlmişkən xatırladaq ki, ekspertlər neftin qiymətinin süni tənzimlənməsinin tətbiqi ilə bağlı qərarın Avropa üçün mümkün ağır nəticələri barədə dəfələrlə xəbərdarlıq ediblər.

Ağasəf Babayev