130 uşaq müayinə olunub

3 Dekabr 2022 17:02 (UTC+04:00)

Dekabrın 3-də Beynəlxalq Əlilliyi olan Şəxslər Günü münasibətilə Liv Bona Dea Hospitalının təşkilatçılığı ilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün “Sevgi əngəl tanımır” xeyriyyə aksiyası təşkil olunub. Tədbirdə yerli qurumların nümayəndələri ilə yanaşı, Türkiyədən gələn qonaqlar da iştirak ediblər. SİA xəbər verir ki, aksiya çərçivəsində 130 uşaq müayinə edilib. Tədbir çərçivəsində, həmçinin aztəminatlı ailələrin uşaqlarına 100 ədəd qış geyimi hədiyyə edilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, dünyada, o cümlədən Azərbaycanda əlillərin, xüsusilə də fiziki məhdudiyyətli uşaqların reabilitasiyası, onların sağlamlığı, bu və ya digər problemlərini dövlət və özəl qurumlar diqqətdə saxlayır və bu istiqamətdə mühüm addımlar atılır: “Bu sahədə irəliləyişə nail olmaq üçün bütün qurumlar əlaqələndirilmiş şəkildə fəaliyyət göstərməlidirlər. Bugünkü aksiya da belə əlaqələndirilmiş fəaliyyətin nəticəsidir. Aksiyadan Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinin xidmətlərindən yararlanan 30 uşaq da faydalandı.

Ümumiyyətlə, fiziki məhdudiyyətli uşaqların olduğu, həssas təbəqəyə aid olan ailələr üçün xidmət göstərilməsi xüsusilə vacibdir. Çünki həmin ailələrdə psixoloji, sosial, iqtisadi vəziyyət digərlərindən fərqlidir. Ona görə də cəmiyyətin həmin ailələrə diqqəti, qayğısı çox vacibdir. Məlumdur ki, Liv Bona Dea Hospitalı bir neçə aydır ki, Azərbaycan-Türkiyə tərəfdaşlığı nəticəsində fəaliyyət göstərir. Hospital təkcə insanları müayinə-müalicə etmir, həm də ictimai məzmunlu tədbirlər keçirərək fərqli fəaliyyət ortaya qoyur. Bugünkü tədbir onu göstərir ki, Azərbaycan-Türkiyə qardaşlığı bütün məsələlərdə möhkəmdir və bundan sonra da birgə fəaliyyətimizi davam etdirəcəyik”.
Liv Bona Dea Hospitalının baş direktoru Taner Özbek hospitalın dördüncü dəfədir ki, “İki dövlət, bir millət” şüarı altında nəcib təşəbbüsə qoşulduğunu diqqətə çatdırıb: “Ötən bir neçə ayda hospitalda cəmiyyətin sosial həyatına dəstək məqsədilə “Türkiyə-Azərbaycan qardaşlığının 360 dərəcə dəyərləndirilməsi”, “Nəsilləri yaradan qadın gücünün cəmiyyətdəki yeri”, “Şəhid ailələri və müharibə iştirakçılarına dəstək” adlı tədbirlər təşkil edilib. 500 nəfərə ürək müayinəsi, 300 qadına süd vəzi müayinəsi və mammoqrafiya, 100 nəfərə isə ağciyər müayinəsi tam ödənişsiz həyata keçirilib. Xüsusi qayğıya ehtiyacı olan uşaqların reabilitasiyası, onların ictimai həyatın bütün sahələrində iştirak etməsi, eləcə də həmin kateqoriyadan olan uşaqlar üçün cəmiyyətdə bərabər imkanlar yaradılması Liv Bona Dea Hospitalın əsas prioritet istiqamətlərindən biridir. Bu gün şəhid övladları və fiziki məhdudiyyətli uşaqlar hospitalımızın qonaqları oldular. Onlardan 100 nəfər oftalmoloji, 30 nəfər isə Check-Up müayinələrindən keçirildi. Hər birinə həm hədiyyə verdik, həm də üzlərini güldürmək üçün bir proqram təşkil etdik. Uşaqların üzündəki təbəssümə vəsilə olduğumuza görə çox xoşbəxtik”.

Türkiyədən gələn təhlükəsizlik və terror mütəxəssisi, həkim İmdat Muğlu deyib: “Şəhid ailələri bizim baş tacımızdır. O uşaqların ataları bu torpaqlar naminə canlarından keçdilər. Qəhrəmanların əmanətlərinə sahib çıxmaq, övladlarına xidmət göstərmək hər birimizin borcudur”.