Rusiya Türkiyə və Suriya prezidentlərini görüşdürmək istəyir

2 Dekabr 2022 19:59 (UTC+04:00)

Rusiya Prezident Aparatının mətbuat katibi Dmitri Peskov sözügedən mövzu ilə bağlı deyib: “Rusiya Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Suriya prezidenti Bəşər Əsəd arasında görüş təşkil edə bilər, lakin məsələ ilə bağlı hələlik konkret qərar yoxdur.

Rusiya prezidenti Vladimir Putin dəfələrlə regionda sabitlik naminə iki prezident arasında görüşün təqdirəlayiq olduğunu vurğulayıb. Rusiya tərəfi bu görüşə hərtərəfli dəstək verməyə hazırdır.” SİA bu barədə Türkiyə saytlarına istinad edir.

D.Peskov ABŞ prezidenti Co Baydenin rusiyalı həmkarı ilə görüşməyə və Ukrayna münaqişəsinə son qoyulması məsələsini müzakirə etməyə hazır olduğu barədə dediklərinə də münasibət bildirib. Onun sözlərinə görə, ABŞ Rusiyaya birləşdirilən yeni əraziləri tanımır və bu, danışıqlar üçün hər hansı əsas tapmaq imkanını çətinləşdirir. ABŞ danışıqlara başlamaq üçün Rusiyanın Ukraynadan çıxmasını şərt kimi irəli sürüb və rəsmi Moskva bu şərtlərlə danışıqlara getməyə hazır deyil. Amma eyni zamanda, Putin danışıqlar üçün dialoqa açıqdır.