Rusların “könlünə” dəyən qırğız əməli?

2 Dekabr 2022 19:14 (UTC+04:00)

Qırğızıstan parlamentinin Bişkekdə dörd rayonun sovetlərdən qalma adların dəyişdirilməsi təklifinə Rusiya Dövlət Dumasının reaksiyası qırğız deputatları qəzəbləndirib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, qırğız deputatlar rusların bu əməlini “ölkənin daxili işlərinə qarışmaq” kimi qiymətləndiriblər”,

“Rusiya Federasiyası Dövlət Dumasının deputatı Svetlana Jurovanın beynəlxalq qaydalara uyğun gəlməyən, dövlət münasibətlərinə kölgə salan və tərəfdaş ölkənin daxili işlərinə qarışan bəyanatı əsassızdır. Qırğızıstanda rus dili xüsusi yer tutduğundan qanunlarımızdan tutmuş, küçə nişanlarına qədər hər yerdə dövlət dili ilə yanaşı istifadə olunur”, - deyə qırğız deputat Kamilə Talıyeva bildirib

Deputat onu da qeyd edib ki, inzibati-ərazi bölgülərinin adlarının dəyişdirilməsi suveren dövlətin daxili işidir, heç bir halda Qırğızıstan-Rusiya münasibətləri ilə bağlı deyil.

Xatırladaq ki, noyabrın 25-də Qırğızıstan parlamentinin sədri Nurlanbek Şakiyev Bişkekdə keçirilən Milli Kurultayda çıxış edərkən deyib: “Təəssüf ki, əksər regionlarda coğrafi ərazilər başqa dildə adlandırılır. Biz tezliklə onların hamısının adını dəyişib qırğız dilində çağırmalı olacağıq. O cümlədən paytaxtın dörd rayonunun adının dəyişdirilməsi də zəruridir” –deyə bildirib.

Sən demə, bu rusların “könlünə” dəyib.

Belə ki, bundan dərhal sonra Rusiya Dövlət Dumasının deputatı, beynəlxalq məsələlər komitəsinin sədr müavini Svetlana Jurovanın bəyanatı yayılıb. “Moskva danışır” radiostansiyasına müsahibəsində deputat belə bir təşəbbüsün “ölkənin rusdilli əhalisinin hüquqlarının pozulmasına” səbəb olacağını bildirib.

Qeyd edək ki, Rusiya Dövlət Dumasının deputatı Gürcüstan və Ukraynada da hər şeyin “rus dilinin pozulması” ilə başladığını deyib və Rusiya prezidentinin bu məsələyə müdaxiləsi ehtimalını qeyd edib.

Dövlət Dumasının digər deputatı Aleksandr Yuşşenko isə Qırğızıstan rəhbərliyinin “sovet keçmişinə tüpürdüyünü” bildirib.

Digəri, Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin sədr müavini Dmitri Novikov da qırğızları tənqid edərək, Qırğızıstanda “antisovetizmin residivinin” olduğunu qeyd edib.

...Yeri gəlmişkən, Qırğızıstanın baş şəhəri olan Bişkek dörd rayona bölünür - Pervomayski, Sverdlovski, Oktyabrski və Leninski.

Qeyd edək ki, son bir neçə il ərzində dəfələrlə onlara qırğız dilində yeni adların verilməsi təklifi irəli sürülüb...

Ağasəf Babayev