Suriyada Bəşər Əsəd rejiminin İdlib vilayətinin cənub-qərbindəki Obin kəndinə təşkil etdiyi hücumda 3 mülki vətəndaş həyatını itirib, 6-sı yaralanıb.
Əsəd rejimi və İranın dəstəklədiyi terrorçu qruplardan ibarət rejim qüvvələri İdlib gərginliyi azaltma zonası sərhədləri daxilindəki Obin kəndinə qurudan-quruya silahlarla hücum edib.
Suriya Mülki Müdafiə (Ağ Dəbilqəlilər) mənbələrindən əldə edilən məlumata görə, hücumda eyni ailədən 3 mülki şəxs həlak olub, 6 mülki şəxs isə yaralanıb.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, yaralılara yaxınlıqdakı xəstəxanalarda tibbi yardım göstərilib.
Xatırladaq ki, 2017-ci ildə keçirilən Astana görüşündə Türkiye, Rusiya və İran Əsəd rejiminin nəzarətində olmayan ərazidə 4 “deeskalasiya zonası” yaratmaq qərarına gəlib.
Rejim İranın dəstəklədiyi terrorçular və Rusiya hücumlarını davam etdirərək 4 bölgədən 3-nə nəzarəti ələ keçirərək İdlibə doğru irəliləyib.
Türkiye 2018-ci ilin sentyabrında Rusiya ilə atəşkəsi gücləndirmək üçün əlavə razılaşma əldə etsə də, 2019-cu ilin mayında hücumlar yenidən artıb.
Türkiye ilə Rusiya arasında 2020-ci il martın 5-də imzalanan yeni razılaşmadan sonra atəşkəs əsasən qorunub.
2017-2020-ci illər ərzində hücumlardan qaçan 2 milyona yaxın mülki şəxs Türkiye sərhədinə yaxın bölgələrə köç etmək məcburiyyətində qalıb.