Sülhməramlıdan sülhməramsıza: limit tükənir! HİDDƏT

2 Dekabr 2022 15:42 (UTC+04:00)

Çıxış yolu isə var və onu qanuni, hüquqi cəhətdən realizə etmək kifayət qədər mümkündür...

Etiraf edək ki, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanata əsasən Rusiya sülhməramlı kontingentinin (RSK) müvəqqəti olaraq Qarabağa yerləşdirilmələri ölkə ictimaiyyətinin əsas çoxluğu tərəfindən elə də müsbət qarşılanmamışdı. Lakin daha bir fakt da bu idi ki, Azərbaycan üzərinə götürdüyü bütün öhdəlikləri zamanında və vaxtında icra etməsinə rəğmən, nəinki Qarabağdakı erməni separatçıları və qanunsuz silahlı birləşmələri ərazilərimizi tərk etmədilər, eləcə də RSK-nın həmin istiqamətdə üzərinə düşən öhdəliyini yerinə yetirməməsi artıq danılmaz fakta çevrilib. Və bu da azmış kimi, Ermənistandan Qarabağa hərbi texnikaların daşınması, RSK komandanlığının cinayətkar rejimlə himayədarlığı, əl-ələ verib istehkamlar qurması, sülh yaratmaq yerinə ərazilərimizdə zirehli texnikalarla, qumbaraatan və minaatanlarla hərbi təlimlər keçirməsi, rəsmi Bakının icazəsi olmadan xarici ermənipərəst dairə mənsublarının, həmçinin Ermənistanın rəsmi şəxslərinin Xankəndiyə çoxsaylı səfərləri, vəzifə təyinatlar və s. kimi yüzlərlə faktlar necə deyərlər, yağışdan sonrakı göbələklər kimi artmaqdadır.

Təəssüf yaradan və hiddət doğuran fakt budur ki, hazırda həmin suallar açıq olaraq qalmaqda davam edir...

Bu zaman belə bir sual yaranır: əslində rəsmi mandata sahib olmayan və artan həyasızlıq sindromu hansı məqsədlərə hesablanıb? Bəlkə RSK (əslində Kreml) üçtərəfli bəyanatı, eləcə də Bakı ilə imzalanan müttəfiqlik sazişini özünə sipər edərək arxa planda (!) tamamilə zidd, yaxud Azərbaycanın ərazi bütövlüyünə təhdid yaradacaq qaranlıq işlərlə məşğuldurlar? Təəssüf yaradan və hiddət doğuran fakt budur ki, hazırda həmin suallar açıq olaraq qalmaqda davam edir...

Bu kimi sualların açıq qalması isə cəmiyyətdə yeni suallar yaradır – belə olan halda RSK-nın Qarabağda qalmasına nə ehtiyac var? Axı Azərbaycan dövləti və xalqı 30 il boyunca beynəlxalq vasitəçilər, təşkilatlar tərəfindən həll edilməyən 1 NÖMRƏLİ PROBLEMİ (!!!) cəmi 44 gündə həll etdisə, yerdə qalan problemləri də özü həll etmək gücündə və qüdrətindədir!

Rusiyanın Müdafiə Nazirliyi dəfələrlə Azərbaycan Müdafiə Nazirliyinin Qarabağdakı toponimlərin adlarının düzgün ifadə edilməsi ilə bağlı etdiyi müraciətləri qulaqardına vurması ilə nə demək istəyir?

Qeyd edilənlərlə yanaşı, Rusiyanın Müdafiə Nazirliyi dəfələrlə Azərbaycan Müdafiə Nazirliyinin Qarabağdakı toponimlərin adlarının düzgün ifadə edilməsi ilə bağlı etdiyi müraciətləri qulaqardına vurması ilə nə demək istəyir? Buna da bir izahı olacaqmı? Olmayacaqsa, ya da qəsdən edirsə ən azından bunu etiraf etsin. Amma bunu da etmirlər və Azərbaycan xalqının hiddətinə səbəb olurlar.

Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın dövlət başçısı Vladimir Putinlə görüşləri zamanı dəfələrlə Rusiyanın münaqişənin həll olunması istiqamətindəki vasitəçilik missiyasını yüksək qiymətləndirib, habelə ölkələrimiz arasındakı münasibətlərin strateji xətt üzrə inkişaf etdiyini vurğulayıb. Yaxşı, bəs Rusiyanın hərbi-siyasi rəhbərliyi verilən bu dəyəri nəyə görə doğru-dürüst qiymətləndirməyi bacarmır? Yaxud elə sanır ki, verilən dəyərdən istədiyi kimi sui-istifadə edə bilər? Bax, bu məqamda da əfsuslar olsun ki, suallar hələ də açıq qalmaqda davam edir...

Bütün bunlardan sonra RSK-nın RF-nın MN-i “simasındakı” davranışları artıq ciddi şübhələr, üstəlik, faktlara əsaslanan şübhələr doğurmaqdadır!

Yeri gəlmişkən, Azərbaycan tərəfi daha əvvəl Qarabağ iqtisadi rayonunun toponimlərini və xəritəsini Rusiyanın Müdafiə Nazirliyinə, RSK-nın əvvəlki və hazırkı komandanlığına, habelə Türkiyə-Rusiya birgə monitorinq mərkəzinə rəsmi siyahı qismində təqdim edib. Bütün bunlardan sonra RSK-nın RF-nın MN-i “simasındakı” davranışları artıq ciddi şübhələr, üstəlik, faktlara əsaslanan şübhələr doğurmaqdadır. Bunun da sübutu var...

Misal üçün, RF MN-i ən azından Azərbaycan MN-nin ardıcıl olaraq irəli sürdüyü haqlı iradlarını nəzərə almalı və reaksiya göstərməli idi. Ancaq bu da olmadı və əksinə, “bülletendə” növbəti təxribatçı ifadə əmələ gəldi – “Dağlıq Qarabağın silahlı formalaşmaları” (?!-R.R.)

Artıq buradan belə bir nəticə hasil etmək olar – RSK nəinki Azərbaycan xalqının ümidlərini doğrultmadı, üstəlik öz kirli fəaliyyətləri ilə Qarabağda sülhün bərqərar olmasına maneə olan bütün vasitələrdən istifadə edirlər.

Əbəs deyil ki, artıq Azərbaycan cəmiyyətində “Rusiya sülhməramlısı” ifadəsi “Rusiya sülhməramsızı” ifadəsi ilə əvəzlənib

...Və beləliklə, RSK məntiqcə Qarabağa gəldiyi ilk günündən özünün destruktv fəaliyyəti ilə seçilməyə başlayıb. İndi isə həmin destruktiv fəaliyyətin açıq-aşkar pozuculuq məcrasına keçid alması səbr kasasının dolması ilə nəticəsini tapır. Misal üçün, RSK Qarabağda sülhün və əminamanlığın təmin olunması yerinə Azərbaycan ərazilərinə iranlı təxribatçı-diversiya qruplarını buraxır, erməni separatçılarının atəşkəsi pozması müqabilində atəşkəsin Azərbaycan SQ-i tərəfindən pozulduğunu özünün rəsmi bülletenində qeyd edir və s.

Ümumiyyətlə, mənzərə nəinki ürəkaçan deyil, əksinə, ürəkbulandırandır. Əbəs deyil ki, artıq Azərbaycan cəmiyyətində “Rusiya sülhməramlısı” ifadəsi “Rusiya sülhməramsızı” ifadəsi ilə əvəzlənib və bunun da sübutu RSK-nın separatçı-quldur rejimin əlində alətə çevrilməsidir. Ya da RSK süni şəkildə belə bir situasiyanı yaratması ilə Rusiyanın məlum dairələrinin sifarişlərini həyata keçirirlər.

Bu fakt RSK-nın qeyri-sabitliyin yaranması, təhlkükənin daimi mövcudluğu üçün qarant olma anlamını ortaya qoyur

Təbii ki, hələ də Azərbaycanın Qarabağ iqtisadi rayonunda var-gəl edən separatçı-quldur rejimi üçün belə bir mühitin yaradılması əlverişlidir. Əgər erməni quldurları əllərinə silah alıb, rahat şəkildə hərəkət edirlərsə, hərbi istehkamlar qururlarsa, hərbi-texniki təchizatlarını istədikləri mövqelərdə yerləşdirirlərsə demək ki, bu fakt RSK-nın qeyri-sabitliyin yaranması, təhlükənin daimi mövcudluğu üçün qarant olma anlamını ortaya qoyur. Məqsəd isə mandatsız sülhməramsızların regionda qalma müddətlərini uzatmağa hesablanıb. Bütün bunlardan sonra “bizə RSK lazımdırmı?” sualının verilməsi kifayət qədər haqlı və məntiqlidir. Çıxış yolu isə var və onu qanuni, hüquqi cəhətdən realizə etmək kifayət qədər mümkündür...

Rövşən RƏSULOV