Çaşan Fransa Senatıdır - YENİ BAXIŞ

2 Dekabr 2022 15:23 (UTC+04:00)

Fransanın açıq şəkildə təxribatla məşğuldur. Makron diktator olduğunu artıq gizlədə bilmir. Preziden üsul idarəli Fransada millət vəkilləri hər iki palatada prezidentin diqtəsi ilə oturub-dururlar. Makron "oturun" deyən kimi "dünya tarixində misli görünməmiş hadisələrə ev sahibliyi etmiş" Fransa deputatlarının rəzilliyi, mütiliyi, diktatora yaltaqlığı sayəsində yeni tarix yazır. Bu gün Fransanın hakimiyyət orqanlarının, o cümlədən parlamentin hər iki palatasının təxribatçı addımları təəssüf doğurur. Bu hərəkətlər regionda yeni müharibənin alovlanmasına rəvac verir, Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin həyata keçməsinə mane olur. Eyni zamanda, qonşu dövlətlərə qarşı ərazi iddiaları üzərində qurulan erməni şovonist ideologiyasının məqsədlərinə xidmət edir, Ermənistanda revanşist meyylərin armasına təkan verir.

Qarabağda separatçılığın yenidən baş qaldırması meylləri də rəsmi Parisin ikibaşlı oyunlarından qaynaqlanır. Özünü demokratiyanın “qoruyucusu” kimi təqdim edən Fransa əslində təcavüzkarın, terrorçunun yanında olduğunu göstərir. Bu qətnamə bir daha təsdiq etdi ki, 30 ilə yaxın müddətdə Fransa da Ermənistanla birlikdə torpaqlarımızın işğalında və o işğalın davam etməsində iştirak edib və işğalçı dövlətlə birlikdə də məsuliyyət daşıyır. Qətnaməni qəbulunda başqa bir məqsəd Fransanın regiona yenidən qayıtmaq istəyidir. Paris bu yolla Azərbaycana təzyiq etməyə çalışır, özünü danışıqların arbitri kimi təqdim edir, hakim rolunda çıxış etmək istəyini gizlətmir. Amma bu ölkənin rəhbərləri də, parlamentariləri də başa düşməli və anlamalıdırlar ki, belə bir qətnamə heç bir nəticə verməyəcək, Azərbaycanı bu üsulla qorxutmaq mümkün deyil. Fransa Əlcəzair soyqırımını unutmasın.

Azərbaycan Prezidenti İlham Əliyev Astanada MDB Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı bu barədə danışarkən bildirib ki, Fransa prezidenti Emmanuel Makron əməlləri ilə Fransa ilə Azərbaycan arasında dostluq və balanslaşdırılmış münasibətlərin tarixinin üstündən xətt çəkib. "Biz həmişə Fransanın əvvəlki prezidentlərinin fəaliyyətini, əlbəttə ki, Fransadakı erməni diasporunun müəyyən faktoruna baxmayaraq, balanslaşdırılmış kimi qəbul etmişik, lakin indiki Fransa rəhbərliyi mahiyyət etibarı ilə bütün bunların üstündən xətt çəkib”, - Prezident görüş zamanı deyib.

İlham Əliyev Azərbaycanın Parisdəki səfirliyinə iki dəfə basqın edildiyini deyib. Azərbaycan prezidentinin sözlərinə görə, telefon danışığı zamanı cənab Makron ona hücumların təkrarlanmaması üçün tədbirlər görəcəyini vəd edib. “Amma bu, yumşaq desək, doğru olmadığı ortaya çıxdı”, - deyə cənab İlham Əliyev əlavə edib.

Əslində, Fransa hökumətinin belə münasibəti ilə Fransa Azərbaycan-Ermənistan münaqişəsinin həllində iştirak etmək imkanları axtarır. İlham Əliyev və Makron, eləcə də Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa Şurasının rəhbəri Şarl Mişelin iştirakı ilə Praqada keçirilən danışıqlarda Avropa İttifaqının Ermənistan-Azərbaycan sərhədində mülki monitorinq missiyasının yerləşdirilməsi barədə qərar qəbul edilib. Daha sonra “France 2” telekanalının efirində Emmanuel Makron Qarabağı “mübahisəli” və “beynəlxalq səviyyədə tanınmayan” region adlandırıb, həmçinin Azərbaycanı “çoxlu insanın ölümünə səbəb olan dəhşətli müharibəyə başlamaqda və bu əraziləri ələ keçirməkdə” ittiham edib.

Fransa Senatının 2022-сi il noyabrın 15-də məlum qətnaməni qəbul etməsinin ardınca bu ölkənin Milli Assambleyası da noyabrın 30-da Azərbaycana qarşı qərəzli siyasi aksiya təşkil edib. Bu çirkin qərar beynəlxalq hüquq normalarına və prinsiplərinə açıq hörmətsizlikdir. Bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin iclasında deyib. O bildirib ki, dövlətimizin ərazi bütövlüyünü və suverenliyini hədəf alan qərəzli, qeyri-obyektiv və ədalətsiz aktı qəti şəkildə rədd edir və bu addımı siyasi riyakarlıq kimi qiymətləndiririk.

Spiker bildirib ki, Fransa Senatı və Milli Assambleyasının qəbul etdiyi bu qətnamələr Fransa qanunverici orqanlarının siyasi avantüra meydanına çevrilməsindən xəbər verir: "Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 ilə yaxın işğalı dövründə münaqişənin dinc yolla nizama salınması üçün göstərilən səylərin nəticə verməməsinin əsas səbəbi təcavüzkar dövlətin öz adı ilə çağırılmaması, vasitəçilik vəzifəsini öhdəsinə götürən dövlətlər, xüsusən Fransa tərəfindən ikili standartlara yol verilməsi, işğalçı dövlətlə işğala məruz qalan dövlətin bir tutulması, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin tələblərinin yerinə yetirilməməsi, beynəlxalq qaydalara meydan oxuyan Ermənistan dövlətinə münasibətdə lazımi qətiyyətin göstərilməməsi, bir sıra hallarda isə onun açıq-aşkar şirnikləndirilməsi olmuşdur".

Təəssüflə qeyd edilib ki, bu gün Fransanın hakimiyyət orqanlarının, o cümlədən parlamentin hər iki palatasının təxribatçı addımları Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin həyata keçməsinə, münasibətlərin normallaşmasına zərbə vurur, qonşu dövlətlərə qarşı ərazi iddiaları üzərində qurulan erməni şovinist ideologiyasının məqsədlərinə xidmət edir, revanşist və aqressiv separatçı qüvvələri həvəsləndirir, regionu yeni təhlükələrə yönləndirir. Populist siyasi baxışlar əsasında Fransanın daxili siyasi gündəliyi və müxtəlif lobbi dairələrinin maraqlarının Cənubi Qafqaz regionuna daşınması qəbulediməzdir”, - deyə o qeyd edib.

Bu qətnamə göstərdi ki, Fransa təcavüzkarın, terrorçunun, uşaq başı kəsənin yanındadır. Belə bir qətnamə BMT Nizamnaməsinin kobud surətdə pozulmasıdır. Qətnamədə Azərbaycana qarşı sanksiyaları həyata keçirilməsi tələbləri irəli sürülür. Bədnam sənəddə “Azərbaycanın Ermənistan ərazisindən və Laçın dəhlizindən çəkilməsi” tələb olunub. Layihə müəllifləri “Azərbaycan və onun tərəfdaşlarının Ermənistanın suverenliyi və ərazi bütövlüyünə hörmət etməsini, həmçinin bütün erməni hərbi əsirlərin qaytarılmasını” tələb edirlər. “Azərbaycan hökumətindən 4 yanvar 1969-cu il tarixli hər növ Diskriminasiyanı Qadağan edən Konvensiyaya uyğun olaraq erməni əhalisinin, erməni dini və mədəni mirasının mühafizəsi üçün tədbir görmək” tələb edilir. Bununla yanaşı, Fransa hökumətinə “Dağlıq Qarabağda humanitar büro açmaq” təklif edilir. Təkliflər arasında qondarma “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyinin tanınması da yer alır. Eyni zamanda Fransa hökumətindən Qafqazda sülhün bərqərar olması üçün Azərbaycanla diplomatik prosesə başlamaq tələb olunur. Ermənistan-Azərbaycan sərhədində beynəlxalq statuslu sülhməramlı qüvvələrin yerləşdirilməsi də təkliflər arasında var.

Fransa həmçinin Ermənistanın işğalçılıq siyasətini dəstəkləyir və onu pozuculuq fəaliyyətində həvəsləndirir. Buna baxmayaraq Fransa Senatında belə bir qətnamənin qəbulu Azərbaycanda sərt reaksiya ilə qarşılanıb. Artıq Azərbaycan Milli Məclisində Fransanın Əlcəzairdə XX əsrin tən ortasında 1 milyon dinc insanı qətlə yetirməklə soyqırımı həyata keçirməsi faktı ilə bağlı parlament dinləmələrinin keçirilməsi və qətnamə qəbul edilməsi təklifləri irəli sürülüb.

Fransada bu qətnamənin hüquqi nəticələri yoxdur, o, heç bir əhəmiyyət daşımır. Lakin bu, Fransanın ümumi siyasətini əks etdirir və bizim üçün qəbuledilməzdir. Əlbəttə biz də Fransaya dair xarici siyasətimizdə lazımi düzəlişlər etməliyik. Fransanın ermənipərəst mövqeyi əsas verir ki, onun hansısa vasitəçilik, yaxud Ermənistan-Azərbaycan münasibətlərinə aid hansısa təşəbbüsü Azərbaycan tərəfindən qəbul olunmasın. Suveren hüquqlarımız imkan verir ki, Qarabağda məsələni istədiyimiz kimi həll edək. Amma Fransanın da məqsədi budur ki, sülhməramlı missiya adı ilə beynəlxalq mandata, BMT mandatına nail olsunlar, amma bu, xüsusi qətnamə ilə qəbul oluna bilər. Məhz bu təhlükəyə qarşı addımlar atılmalıdır.

Müharibə bitəndən sonrakı proseslərə nəzarət edən ölkə Azərbaycandır. Yeni reallıqda prosesləri əsasən Azərbaycan istiqamətləndirir. Bu baxımdan Fransanın bu cür qətnamə ilə proseslərə təsir etmək imkanı sıfıra bərabərdir. Fransa Senatının qəbul etdiyi qətnamə ilə bağlı Azərbaycan XİN-in də münasibəti dəyişməzdir: "15 noyabr 2022-ci il tarixində Fransa Senatında qəbul edilmiş “Azərbaycana qarşı sanksiyaların tətbiqi və onun Ermənistan ərazisindən dərhal geri çəkilməsi, 9 noyabr 2020-ci il tarixli atəşkəs razılaşmasına riayət etməsi tələbi və iki ölkə arasında dayanıqlı sülhün bərqərar olmasına yönəlmiş bütün təşəbbüslərin təşviq edilməsi” adlı qətnamə tamamilə həqiqətdən uzaqdır, yalan və iftira dolu müddəaları əks etdirir və açıq təxribat xarakteri daşımaqla Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesinə xələl gətirilməsinə xidmət edir".

Fransa Parlamentinin aşağı palatasında Azərbaycan əleyhinə qəbul edilmiş qətnaməyə Azərbaycan Ombudsmanı da münasibət bildirib: "Hesab edirik ki, bir-birinin ardınca belə qərəzli qətnamələrin qəbulu nəinki Azərbaycanla Ermənistan arasında sülh prosesinə mane olur, regionda siyasi, iqtisadi və mədəni əlaqələrin inkişafına mənfi təsir göstərir. Bu qətnamə ilə Fransa Ermənistanın Azərbaycana qarşı etnik və dini nifrət zəmnində həyata keçirdiyi işğalçılıq siyasətini dəstəkləyir, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş ümumbəşəri prinsiplərindən olan suverenlik və ərazi bütövlüyü prinsiplərinə qarşı çıxır...".

İsrail Təhlükəsizlik Akademiyasının Fransa Milli Assambleyasının anti-Azərbaycan qətnaməsini pisləyən bəyanatla çıxış edib: "Fransa Senatının ardından Fransa Milli Assambleyasının da Azərbaycana qarşı qəbul etdiyi qətnamə tamamilə Fransanın erməni təəsübkeşliyindən qaynaqlanır. Fransa Senatı və Milli Assamnleyası Azərbaycanın öz qanuni və beynəlxalq hüquqla tanınan torpaqlarını‚ məhz BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 ardıcıl qətnaməni icra edərək işğaldan azad etməsi halı ilə qətiyyən barışmır. Fransa Senatı və Milli Assambleyası bu irqçi və ikili standarrları sərgiləyən ermənipərəst xarakterli qətnamələri ilə işğalçılığa‚ erməni separatizminə və erməni cinayətlərinə birbaşa dəstək verməkdədir".

Fransa sadəcə özünün ermənipərəstlik‚ irqçilik və imperialist qəsbkar siyasətini yeritməyə çalışaraq Qarabağ bölgəsində Azərbaycana qarşı son dərəcə qərəzli‚ yalan və böhtan dolu anti-kampaniyalara başlayıb. Qarabağ Azərbaycanın qanuni və hüquqi ərazisidir və tarixi Azərbaycan torpağıdır. Dünyanın ruhən sağlam insanları regionda gedən prosesləri diqqətlə izləməkdə və hadisələrə hüquqi qiymət verməkdədirlər. Təcavüzkarla və onlara maşa tutanlar isə daim məğlubiyyət acısı dadacaqlar. Qarabağ Azərbaycandır!

V.VƏLİYEV