Ermənilər Azərbaycan ərazilərini minalamaqda davam edir

1 Dekabr 2022 23:02 (UTC+04:00)

Ermənistan Azərbaycan ərazilərində minalar yerləşdirməyə davam edir. Son zamanlar Azərbaycan ərazisində 350 mina aşkarlanıb. Onların hamısı 2021-ci ildə Ermənistanda istehsal olunub.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Polşanın Lodz şəhərində keçirilən Xarici İşlər Nazirləri Şurasının 29-cu iclasında çıxışı zamanı bildirib.

Nazir deyib ki, Rusiya sülhməramlı qüvvələrinin komandanı və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin rəhbərliyi, eləcə də Azərbaycanda akkreditə olunmuş xarici hərbi attaşelər bu əraziyə gələrək, həmin mina sahəsinə baxış keçiriblər.

“Ümumilikdə Azərbaycanın suveren ərazilərində 2021-ci ildə Ermənistanda istehsal olunan 2728 mina aşkar edilib. Bu minalar Laçın yolu ilə gətirilib. Bu, yalnız humanitar məqsədlər üçün nəzərdə tutulmuş bu yoldan açıq-aşkar sui-istifadədir”, - deyə C.Bayramov vurğulayıb.