İran-Rusiya-Qarabağ: qırmızı xətt keçildi!!! TƏRS BAXIŞ+ÖZƏL

1 Dekabr 2022 16:54 (UTC+04:00)

Və ya Azərbaycanın sərt addım atmaqdan və qətiyyətli qərar verməkdən başqa çıxış yolu qalırmı?

Əslində, öz daxilində baş qaldırmış və haqlı əsaslara söykənən qiyam və üsyanların qarşısıalınmaz bir vəziyyətə doğru inkişaf etməsini bir kənara qoyub Azərbaycanın ərazilərində kirli maraqlarını icra etməyə cəhd edən İranın növbəti addımı Azərbaycanın ictimai-siyasi və s. rəyi tərəfindən hiddətsiz qarşılana bilməzdi. Daha doğrusu, İranın ermənipərəstlik marağının bir qədər də irəliyə gedərək regional tərəfdaşı olan Rusiya vasitəsi ilə qırmızı xətti keçməsi səbr kasasını aşırıb-daşırdı.

Bəli, yanılmadınız! Söhbət hələ ötən gündən etibarən ölkə mediasında Rusiya sülhməramlıları kontingentinin (RSK) Qarabağda müvəqqəti yerləşdikləri ərazilərə 14 xarici ölkə vətəndaşının qanunsuz, yəni rəsmi Bakının icazəsi olmadan buraxılmasından və hazırda həmin fərdlərin İranın təxribat-diversiya qruplarına mənsub olmaları ilə bağlı səsləndirilən iddialardan gedir.

Və bir daha bəli, biz çox istərdik ki, həmin məlumat qeyri-dəqiq olsun və öz təsdiqini tapmasın. Amma həmin məlumatın öz təsdiqini tapacağı halda vəziyyət tamamilə dəyişilir – bu onu göstərir ki, Tehran rejimi artıq mövcud olan bütün qırmızı xətləri keçir və üstəlik ona bu məsələdə yardımçılıq edən RSK da Qarabağdakı mövcudluğunu BÖYÜK SUAL altında qoyur. Bunun da izahı var. Çünki İrana məxsus TIR-ların Laçın şəhəri və Zabux-Sus kəndləri rusiyalı sülhməramlıların nəzarətləri altında olarkən arda-arda Xankəndiyə buraxılmalarının da arxasında RSK komandanlığının əlinin olması dəfələrlə sübuta yetirilmişdi. Və biz burada Ermənistanın da sözügedən məsələdəki oyunbazlığına əsla göz yuma bilmərik.

Erməni terrorçularına yardım məqsədi ilə gəldikləri şübhə doğurmayan iranlı terrorçularının şəxsiyyətlərinin müəyyən edilməsi üzərində işlər aparılır

Beləliklə, iddialara görə, Azərbaycanın Qarabağ iqtisadi regionunun ərazisinə buraxılan 14 nəfər İran İslam Respublikasının vətəndaşlarıdır və onlar noyabrın 24-ü tarixində, günorta saat 13-14 radələrində eyni avtomobildə sülhməramlıların postunu keçərək Xankəndiyə gəliblər və nə qədər maraqlı görünsə də hazırda da oradadılar. Qaldı ki, hansı məqsədlə və planlar əsasında, çox yəqin ki, bu barədə də növbəti ifşa edilən məlumatlarda qeyd edəcəyik.

Ancaq daha bir iddia edilən fakt budur ki, iranlı təxribat-diversiya, daha dəqiq desək, terror qrupu RSK-nın yaşıl işıq yandırdıqları postdan seriya 34-QA-444 nömrəli “Mersedes-Benz” avtomobili ilə keçiblər. Artıq erməni terrorçularına yardım məqsədi ilə gəldikləri şübhə doğurmayan iranlı terrorçularının şəxsiyyətlərinin müəyyən edilməsi üzərində işlərin aparıldığı da müxtəlif mənbələr tərəfindən bildirilməkdədir. Belə ki, 14 nəfər təxribatçı-diversiya qrupu üzvünün 12-si İranın eyni bölgəsindən- ölkənin cənub-qərbindəki İzeh şəhərindən olduqları məlum olub. Və maraqlıdır ki, İzehin daxil olduğu Huzistan vilayətinin əhalisi arasında ermənilər çoxluq təşkil edirlər və orada əsas işlək dillər arasında erməni dili öncüllük təşkil edir.

Qarabağda qalmış separatçı-quldur tör-töküntülərinə İran istehsalı olan silah-sursatdan istifadə üçün təlim keçəcəkləri bildirilir

Digər informasiyalara görə, iranlı terrorçular RSK-nın müvəqqəti nəzarəti altında olan ərazilərdə separatçılara və Ermənistandan gələn qanunsuz terrorçu dəstələrə terror-diversiya təlimləri keçmək, eləcə də konkret diversiyalar hazırlamaq üçün göndəriliblər. Üstəlik, onların Qarabağda qalmış separatçı-quldur tör-töküntülərinə İran istehsalı olan silah-sursatdan istifadə üçün də təlim keçəcəkləri bildirilir. Nəticədə isə RSK-nın Qarabağa buraxdıqları həmin şəxsərin İranın xüsusi-xidmət orqanlarının təmsilçiləri olduğu üzə çıxır. Mümkün ehtimallara görəməhz İzeh şəhərində İran xüsusi xidmət orqanlarının terror-diversiya üzrə ixtisaslaşan məxfi bazası yerləşir. O cümlədən, Ermənistanın da təxribat-diversiya qruplarının hazırlanması istiqamətində sözügedən bazada zaman-zaman təlimlərin keçirilməsi barədə informasiyalar mövcuddur. Necə deyərlər, qarşılıqlı əməkdaşlıq tam sürətlə inkişaf edir və bu əməkdaşlıqlar son anda Qarabağda terrorların, təxribat-diversiya planlarının realizəsi məqsədi ilə öz nəticəsini tapmağa hesablanır. Yəni praktiki cəhətdən...

Tehran rejimi hazırda erməni tərəfinin istəyi ilə rusiyalı sülhməramlıların müvəqqəti nəzarətində olan əraziləri terror yuvasına döndərmək planı üzərində işləyir

Yalnız 44 günlük müharibədəki Zəfərimizdən uzun müddət keçəndən sonra Azərbaycana boğazdan yuxarı “təbrik mesajı” ünvanlayan İranın kirli məqsədləri istər ondan əvvəl, istərsə də sonrakı müddətdə, xüsusilə də son proseslərdə özünü daha qabarıq fonda təsdiq edir. Artıq fakt budur ki, Tehran rejimi hazırda erməni tərəfinin istəyi ilə rusiyalı sülhməramlıların müvəqqəti nəzarətində olan əraziləri terror yuvasına döndərmək planı üzərində işləyir. İran-Rusiya-Qarabağ qırmızı xətti də məhz bu anlamı daşımaqdadır.

Rövşən RƏSULOV

PS: Beləliklə, Tehran rejiminin aşkar ermənipərəstliyi, həmçinin ermənisifətliyi göz önündədir və bununla paralellik təşkil edən, həm də Bakının etibarından, etimadından sui-istifadə edən RSK etimadsızlığı da danılmazlığa çevrilib. Bu fakt öz təsdiqini taparsa (əslində buna şübhə də yoxdur-R.R.) qarşı tərəflər bu suallara cavab verməlidirlər: Tehran rejiminin təxribatçı-diversiya qrupları Azərbaycan ərazisinə hansı məqsədlərlə gəliblər? Onları bizim ətazilərimizə hansı qaranlıq, ya da aşkar dairələr göndərib? Kremlin Vardanyan missiyası azmış kimi indi də iranlı terrorçularla gizli iş birliyinin arxasında daha hansı maraqlar dayanır? Onlardan RƏSMİ İZAHAT GÖZLƏYİRİK!