2022 FİFA Dünya Çempionatında qrupdan çıxa bilmədiyi üçün məyus olan Meksikada baş məşqçi Xerardo Martino işini tərk edib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, dünən C qrupunda son matçında Səudiyyə Ərəbistanını 2:1 hesabı ilə məğlub edən Meksika eyni xala malik Polşaya qarşı son 16 tura vəsiqəni itirib. 1990-cı ildən sonra ilk dəfə dünya çempionatında qrupdan çıxa bilməyən Meksikanın uğursuzluğunun məsuliyyətini üzərinə götürən 60 yaşlı argentinalı çalışdırıcı müqaviləsinin bitdiyini və bu postu tərk etdiyini bildirib.
Səudiyyə Ərəbistanı ilə oyundan sonra danışan Martino, "Bu məyusluğa görə birinci mən məsuliyyət daşıyıram. Bu böyük uğursuzluğa görə bütün məsuliyyəti öz üzərimə götürürəm. Hakim final fitini çalan kimi müqaviləm bitdi" deyib. Karyerasında bir müddət Argentina millisini də çalışdıran təcrübəli çalışdırıcı 2019-cu ildən Meksikaya rəhbərlik edir.