“Azərbaycan tərəfi təxribatların qarşısını almaq üçün...” - HƏRBİ EKSPERT MÜNASİBƏT BİLDİRDİ

1 Dekabr 2022 14:54 (UTC+04:00)

“Rusların müvəqqəti nəzarətində olan ərazilərdə son zamanlar atəşkəs pozuntuları maksimum həddə çatıb”. Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

Onun sözlərinə görə, erməni silahlıları dəhlizdən rusların nəzarətində olan Azərbaycan torpaqlarına silah-sursat və texnika daşımaqla məşğuldurlar: “Bu dəstək fəaliyyətləri erməni silahlılarını bir qədər cəsarətləndirib və onlar Azərbaycan ərazisindən Azərbaycan əsgərinə qarşı atəşkəs pozuntularını intensivləşdiriblər”.

Ədalət Verdiyev sözlərinə belə davam edib: “Hesab edirəm ki, bu fəaliyyətlərin qarşısının alınması üçün ilk öncə Azərbaycan Ermənistanla Qarabağın əlaqəsini təmin edən Laçın yoluna nəzarəti gücləndirməlidir. Bu çox sual yaradarsa, o zaman Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi Azərbaycan ərazilərinə giriş-çıxışa nəzarət etməlidir. Yanlız bundan sonra biz həmin əraziyə daşınan silah-sursat və texnikaların qarşısını ala bilərik”.

Ədalət Verdiyev sözlərinə belə davam edib: “Atəşkəs pozuntularına gəldikdə isə hesab edirəm ki, Azərbaycan tərəfi bu addımların qarşısını almaq üçün atəş açılan düşmən mövqelərini anında məhv etməli, həmin ərazilərə kütləvi artilleriya zərbəsi endirməli və həmin mövqelərin üzərində Azərbaycan bayrağını qaldırmaqla ordumuzu yerləşdirməlidir”.

Ayşən Vəli