“Bu gün Fransanın qanunverici orqanları siyasi avantüra meydanına çevrilib” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

1 Dekabr 2022 13:11 (UTC+04:00)

“Bildiyiniz kimi, Fransa Parlamentinin aşağı palatası yekdilliklə Azərbaycana qarşı qərəzli qətnamə qəbul edib. Azərbaycanla Fransa arasındakı münasibətlərin normallaşması prosesinə ciddi maneə yaradan bu qətnamə tamamilə reallıqdan uzaqdır, açıq təxribat xarakteri daşıyaraq, özündə yalan müddəaları əks etdirir. Fransa Senatı tərəfindən qəbul edilən bu qətnamə heç bir hüquqi qüvvəyə malik deyil və əslində, Fransanın heç də bəyan etdiyi kimi sülh prosesinə töhfə vermək istəyən ölkə olmadığını və onun birtərəfli ermənipərəst mövqeyini bariz şəkildə nümayiş etdirir. Fransa Senatının 2022-сi il noyabrın 15-də Azərbaycan əleyhinə qəbul etdiyi qətnamədən sonra yenidən Fransa Milli Assambleyası da noyabrın 30-da Azərbaycana qarşı qərəzli siyasi aksiya təşkil etməsi birbaşa olaraq bu ölkənin beynəlxalq hüquq normalarına və prinsiplərinə məhəl qoymadığını və açıq hörmətsizlik nümayiş etdirdiyini bir daha sübut edir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Naqif Həmzəyev deyib.

Onun sözlərinə görə, qətnamədə "Dağlıq Qarabağ” adlandırılan qondarma qurumla bağlı həqiqəti əks etdirməyən fikirlər səsləndirən senatorlar birdəfəlik qəbul etməlidirlər ki, Qarabağ bölgəsi Azərbaycanın beynəlxalq səviyyədə tanınan, ayrılmaz tərkib hissəsidir və Azərbaycan Respublikasının ərazisində yaşayan erməni əsilli əhalinin təhlükəsizliyi və hüquqları da ölkənin daxili məsələsi kimi Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq təmin ediləcəkdir: “Bütün dünya buna şahiddir ki, 30 il müddətində davam edən işğalın sülh yolu ilə həll edilə bilməməsinin əsas səbəbkarlarından biri də elə məhz ATƏT-in Minsk qrupunun həmsədri olan Fransanın fəaliyyətsizliyi, başqa sözlə desək, qərəzli fəaliyyətidir. Fransa sadəcə Senatda qəbul etdiyi qətnamələrdə deyil, 30 illik işğal dövründə də daima dövlətimizin ərazi bütövlüyünü və suverenliyini hədəf alan qərəzli, ədalətsiz və qeyri-obyektiv mövqe nümayiş etdirib. Hər kəsə aydındır ki, bu gün Fransa qanunverici orqanları siyasi avantüra meydanına çevrilib və revanşist qüvvələrin ixtiyarındadır. Təəssüflər olsun ki, həm 44 günlük Vətən müharibəsində, həm də münaqişənin baş verdiyi müddətdən indiyə kimi Fransa ilə Ermənistanın havadarları tərəfindən həmişə bu cür saxta və həqiqəti əks etdirməyən yanaşmalar görmüşük. Fransa Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi şanlı zəfəri, regionda yaratdığı yeni reallıqları həzm edə bilmir və Cənubi Qafqazda Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinə mane olmaq üçün əlindən gələni əsirgəmir”.

Deputat sözlərinə belə davam edib: “Senatın bu qətnaməsi bölgədə sülh, sabitlik və tərəqqiyə xidmət etməməklə yanaşı, qətnamədə qeyd edilən "dayanıqlı sülhün təşviq edilməsindən” missiyasından olduqca uzaqdır”.

Ayşən Vəli