Rus sülhməramlılarının özbaşınalığına nə zaman son qoyulacaq? - HƏRBİ EKSPERT AYDINLIQ GƏTİRDİ

1 Dekabr 2022 12:38 (UTC+04:00)

“Rusiya sülhməramlıları bölgəyə gəldiyi gündən öz missiyalarını yerinə yetirmir. 10 noyabr bəyanatında konkret olaraq onların səlahiyyət bölgüsü bəllidir”. Bu fikirləri SİA-ya açıqlamasında hərbi-eskpert Emin Həsənli bildirib.

Onun sözlərinə görə, rus sülhməramlıları bölgəyə gələn kimi separatçı birləşmələri bölgədən çıxartmadılar: “Rusiya bununla Azərbaycan dövləti ilə olan münasibətlərinə zidd hərəkət edir və beynəlxalq hüquq normalarını pozur. Rusiya Xankəndini Azərbaycan ərazisi olaraq qəbul etsə də, orada hələ də, bizim bayrağımız dalğalanmır. Separatçılar oradan çıxarılmır. Təbii ki, bunu Azərbaycan ordusu özü edə bilər. Lakin Rusiya bütün bu vəzifələri öz üzərinə götürdü.

44 günlük Vətən müharibəsi zaman ermənilər bizim ərazilərimizdə qalmamış çıxıb getmişdilər. Lakin rus sülhməramlıları gələn kimi onların hamısını avtobus vasitəsi ilə Xankəndinə, Xocavəndə, Əsgərana qaytardı. Bu bölgələrdə də eyni zamanda separatçıların silahlanması və təlimlər keçirməsi üçün şərait yaratdılar. Erməni separatçıları dəfələrlə atəşkəs açaraq, pozuntulara yol veriblər. Bütün bunların hamısı biabırçılıqdır. Bu hadisələrin hamısına son qoyulmalıdır. Azərbaycan 3 dəfə bunlarla bağlı xəbərdarlıq edib. Lakin onlar isə bütün bunlara əhəmiyyət vermirlər. Azərbaycan ictimaiyyətində bir fikir güclənir ki, rus sülhməramlıları bölgəmizi tərk etməli və öz hüquq-mühafizə orqanlarımız bölgədə sülh bərqərar etməlidirlər. Bu Rusiyanın son şansıdır. Bunun üçündə onlar fəaliyyətlərini düzgün aparmalıdırlar”.