Başından vurulan iranlı azarkeş

1 Dekabr 2022 11:47 (UTC+04:00)

İran milli komandanın futbol üzrə dünya çempionatından ayrılmasını “qeyd edən” azarkeş Mehran Samak yerli polis tərəfindən güllələnərək öldürülüb.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, noyabrın 29-da İran milli komanda ABŞ-a uduzduqdan və Qətərdə keçirilən dünya çempionatından kənarlaşdırıldıqdan sonra 27 yaşlı azarkeş avtomobilindən siqnal çalmağa başlayıb.

Buna görə də o, İran hüquq-mühafizə orqanları tərəfindən başından vurulub. Qeyd olunur ki, bu hadisə də ölkədə kütləvi nümayişlər fonunda baş verib.

Xatırladaq ki, ABŞ futbol komandasının İran milli komandası üzərindəki 1:0 hesablı qələbəsi onları pley-off mərhələsinə yüksəldib.

Qeyd edək ki, İran onsuz da ABŞ-dan “şikayətçi” idi. Belə ki, bundan əvvəl İran Futbol Federasiyası bayrağın təhrif olunmuş şəklinə görə ABŞ-ın dünya çempionatından çıxarılmasını tələb etmişdi.

Deyilənlərə görə, Amerika komandasının mətbuat xidmətinin sosial şəbəkələrdə üzərində İslam Respublikasının gerbi olmayan İran bayrağının şəklini yerləşdirməsi İranı narazı salmışdı.

Ağasəf Babayev