“Türkmənistan - neytrallıq yurdu”

1 Dekabr 2022 10:57 (UTC+04:00)

Türkmənistanda polis ölkənin rezidenti olmayan vətəndaşlarını ölkənin paytaxtı Aşqabaddan qovub. Onlardan bayram günlərində şəhərə gəlməmək vədinə imza atmaq tələb olunur.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, saxlanılan hər bir daxili miqrant üçün polis əməkdaşlarına 100 türkmən manatı mükafat verilir. Bu, təqribə 28 dollara bərabərdir.

Qeyd edilir ki, Aşqabadda müvəqqəti yaşamaq icazəsi olan daxili miqrantlar da saxlanılır. Deyilənlərə görə, bunun qarşıdan gələn milli bayram günlərində şəhərin təhlükəsizliyini təmin etmək üçün edildiyi bildirilir.

Xatırladaq ki, dekabrın 12-də Türkmənistanda “Neytrallıq Günü” qeyd olunur. Belə ki, BMT Baş Assambleyasının Türkmənistanın daimi neytrallığı haqqında qətnaməsinin qəbulundan sonra bayram dövlət bayramına çevrilib. Maraqlıdır ki, türkmən hökuməti və dövlət mediası neytrallıq siyasətini xarici siyasətdə ən yüksək nailiyyət kimi qələmə verir.

Yeri gəlmişkən, 2020-ci ildə “sabiq” prezident Qurbanqulu Berdiməhəmmədov “Türkmənistan - neytrallıq yurdu” adlı kitab nəşr etdirib.

Qeyd edək ki, bu arada ölkənin Mərkəzi Bank yubiley münasibətilə xüsusi xatirə sikkələri və əskinaslar buraxıb.

Ağasəf Babayev