Stoltenberq Buxarestdә jurnalistlәrin suallarını cavablandırıb

30 Noyabr 2022 19:16 (UTC+04:00)

NATO-nun baş katibi Yens Stoltenberq Ukraynanın gələcəkdə NATO-ya üzv olması üçün ilk növbədə suveren və müstəqil dövlət olaraq qalmasının vacibliyini vurğulayaraq NATO müttəfiqlərinin bunu təmin etməyə çalışdığını deyib.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Yens Stoltenberq Rumıniyanın paytaxtı Buxarestdə keçirilən NATO-ya üzv dövlətlərin xarici işlər nazirləri toplantısından sonra mətbuat konfransı keçirib.

NATO-nun Baş katibi Yens Stoltenberq deyib: "Hazırda ən aktual vəzifə Ukraynanın suveren və müstəqil ölkə kimi davam etməsini təmin etməkdir. Bunun üçün biz mümkün qədər hərbi, iqtisadi, maliyyə və humanitar dəstək veririk. Əgər Ukrayna suveren və müstəqil dövlət olaraq qalmasa, o zaman üzvlük məsələsi masada ola bilməz”.

Terrorun NATO təhlükəsizliyi üçün ən ciddi asimmetrik təhdid olduğunu vurğulayan Yens Stoltenberq deyib:

"Biz bunu sonuncu dəfə noyabrın 13-də İstanbulda baş verən dəhşətli hücumla gördük. Nazirlər bu təhlükə ilə mübarizə aparmaq üçün səylərimizi davam etdirmək məsələsində razılıq əldə etdilər''.

Jurnalistlərin ''Rusiyanın Bosniya və Herseqovinada təsir dairəsi yaratmasının qarşısını almaq üçün nə etmək lazımdır'' şəklindəki sualını cavablandıran Yens Stoltenberq deyib:

"Rusiyanın Bosniya və Herseqovinaya təsir göstərmək və müdaxilə etmək səylərinə mane olan ən mühüm şeylərdən biri də seçkilərdən sonra hökumətin formalaşdırılması və qurumların gücləndirilməsidir. NATO güclü müdafiə və təhlükəsizlik qurumlarının qurulmasına və demokratik islahatların həyata keçirilməsinə kömək edərək Bosniya və Herseqovinaya daha çox dəstək verməyə hazırdır''.

Yens Stoltenberq toplantıda Çinin iddialı hərbi inkişafını, texnologiya sahəsindəki irəliləyişini və artan kiber və hibrid fəaliyyətlərini qiymətləndirdiklərini bildirib.

NATO-nun Baş katibi deyib: “Əlbətdə biz Çinlə ticarət əlaqələrimizi davam etdirəcəyik''.