"Dünya bazarında qiymət artımı gələn il də davam edəcək" - İQTİSADÇI-EKSPERT DANIŞDI

30 Noyabr 2022 13:04 (UTC+04:00)

"Dünyada cərəyan edən siyasi hadisələrin qlobal iqtisadiyyata təsirləri özünü ciddi şəkildə göstərir. Əsas qida mənbəyi sayılan taxılın qiyməti, tədarükü, idxalı ilə bağlı problemlər Azərbaycandan da yan ötüşmür". Bu sözləri SİA-ya açıqlamaısnda iqtisadçı-ekspert Natiq Cəfərli bildirib.

Ekpert qeyd edib ki, Azərbaycanda fəaliyyət göstərən taxıl fondu haqqında əsasnaməyə görə, ən azı 200 gün olmaqla Azərbaycanın taxıl ehtiyatı həmişə saxlanılır: "İndi də təqribən o səviyədədir. Yəni, ölkədə 200–220 günlük taxıl ehtiyatı var. Bu daim artırılan və yenilənən məlumatlardır. Xaricdən buğda tədarükü çox olduğundan artımlar müşahidə olunur. Əsas tədarük etdiyimiz ölkə Rusiya idi. Rusiya-Ukrayna müharibəsi, Rusiyaya qarşı sanksiyaların tətbiq edilməsi, Rusiyanın özünün taxıl ixracatına qoyduğu məhdudiyyətlərlə bağlı Rusiyadan taxıl alımı xeyli azalıb. Lakin, Qazaxıstandan taxıl idxalı artırıldı. Bu proseslərlə paralel olaraq taxılın qiymətində artımlar oldu. Bir çox beynəlxalq agentliklərin, analitik mərkəzlərin hesablamalarına görə dünya bazarında qiymət artımı gələn il də davam edəcək.”