"Qələbəni Sadio Maneyə həsr edirəm"

30 Noyabr 2022 01:02 (UTC+04:00)

Seneqal millisinin baş məşqçisi Aliu Sisse DÇ-2022-nin qrup mərhələsinin 3-cü turunda Ekvadora qalib gələrək (2:1) 1/8 finala vəsiqə qazanmaları barədə danışıb. SİA ESPN-ə istinadən xəbər verir ki, mütəxəssis deyib: “İndi bizim üçün yeni çempionat başlayır. Qarşıda ağır matçlar var. Biz isə əldə etdiklərimizlə kifayətlənməyəcəyik. Biz 1/8 finalda kiminlə qarşılaşacağımızı bilmirik. Bu, İngiltərə ola bilər, Uels, İran, ABŞ, hər kəs ola bilər. Yarışın bu mərhələsində rəqibin kim olmasının fərqi yoxdur. Ən yaxşı komandanı da məğlub etməlisən. Buradakı bütün rəqiblər çox yaxşı komandalardır. Futbolçularımı tanıyıram və onlara inanıram. Onlar Ekvadorla matçda sübut etdilər ki, lazım olan anda təzyiqin öhdəsindən gəlməyi bacarırlar. Bu bacarıq pley-offda bizim üçün çox faydalı olacaq".

Sisse onu da bildirib ki, qələbəni yığmanın zədə səbəbindən qrup mərhələsində iştirak edə bilməyən üzvü Sadio Maneyə həsr edir: "Bu qələbəni ölkəmiz üçün möhtəşəm işlər görən, amma burada olmayan birinə - Sadio Maneyə həsr etmək istəyirəm".

Qeyd edək ki, Seneqal yığması tarixində 3-cü dəfə dünya çempionatında iştirak edir. Seneqal 2002-ci ildə 1/4 finala yüksəlib, 2018-ci ildə isə qrupdan çıxa bilməyib. 2002-ci ildəki mundial zamanı Seneqal komandasının kapitanı olan Sisse 2015-ci ildən millini çalışdırır.